EN

Paşinyandan İLGİNC sözlər: "Putin məndən görüş istəməlidir?"

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya rəhbərliyi ilə münasibətlər və dövlətlərin diplomatik iyerarxiyası barədə səmimi və səs-küy yaradacaq açıqlamalar verib. Martın 26-da jurnalistlərin suallarını cavablandıran Paşinyan, Rusiya Prezidenti Vladimir Putinlə görüşlərin təşəbbüskarı məsələsinə toxunaraq, dövlətlər arasındakı "çəki dərəcələrini" real qiymətləndirdiyini bildirib. O, görüş xahiş etməyin onun üçün heç bir kiçiklik olmadığını vurğulayıb.

Musavat.com xəbər verir ki, Ermənistanın hökumət başçısı Rusiya, ABŞ, Fransa və Almaniya kimi dövlətlərin miqyasını dərk etdiyini deyib: "Adətən görüşü mən xahiş edirəm, əksi olmur. Bu da normaldır. Mən hamıdan görüş xahiş edirəm və bu mənim üçün alçaldıcı deyil. Görüşlərin əksəriyyəti mənim təşəbbüsümlə baş tutub, əksini xatırlamıram". Paşinyan əlavə edib ki, əksini düşünmək reallıq hissini itirmək deməkdir: "Rusiya Prezidenti məndən görüş istəməlidir? Aydın məsələdir ki, mən istəməliyəm. Yaxud Fransa Prezidenti məndən görüş xahiş etməlidir?".

Baş nazir həmçinin "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiya idarəçiliyi ilə bağlı mühüm detalı açıqlayıb. O qeyd edib ki, Ermənistan dəmir yollarının Qazaxıstan şirkətinə verilməsi ideyası mövcuddur: "Əgər Rusiya ilə aramızda qazax şirkətinin hər iki tərəf üçün məqbul olması barədə qarşılıqlı anlaşma yaranarsa, biz buna etiraz etməyəcəyik. Lakin hazırda Rusiya tərəfindən hələ konkret cavab gəlməyib, bu, sadəcə bir ideyadır".

Eyni zamanda, Paşinyan Putinlə telefon danışığı zamanı ali səviyyədə təmasların davam etdirilməsi barədə razılığa gəldiklərini, lakin ölkədəki seçki prosesi ilə əlaqədar Avrasiya İqtisadi İttifaqının (Aİİ) forumlarını buraxa biləcəyini də istisna etməyib. Paşinyan bu görüşlərin dövlət maraqlarını müzakirə etmək üçün vacib olduğunu vurğulayaraq, diplomatik reallıqlara uyğun hərəkət etdiyini qeyd edib.

Musavat.com

Chosen
37
musavat.com

1Sources