ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı,26 mart, AZƏRTAC
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi 2026-cı il üçün fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini dərc edib. Nəticələrə əsasən, Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151–200 aralığında qərarlaşıb. Universitet eyni zamanda “Linqvistika” sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251–300-cü yerlər qrupunda təmsil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetindən məlumat verilib.
Bildirilib ki, ADU əvvəlki illərlə müqayisədə dinamik inkişaf nümayiş etdirib. Belə ki, universitet 2023 və 2024-cü illərdə “Müasir dillər” sahəsi üzrə 301–340 aralığında qərarlaşdığı halda, 2025-ci ildə mövqeyini 201–250 aralığına yüksəltmiş, 2026-cı ildə isə bu göstəricini daha da yaxşılaşdıraraq ilk 150-likdə yer alıb.
Ən vacib məsələlərdən biri budur ki, QS reytinqlər cədvəlində bu nəticəyə nail olmaq üçün ADU maliyyə vəsaiti sərf etməyib.
Universitetin rektoru, akademik Kamal Abdulla tarixi uğur münasibətilə universitet əməkdaşlarını təbrik edib, bu nailiyyəti universitet kollektivinin yüksək bilik və bacarıqlarının nəticəsi kimi qiymətləndirib:
"Azərbaycan Dillər Universitetinin nüfuzu bu gün dünya sərhədlərini aşır. Prezident İlham Əliyevin rəqabətə davamlı təhsilin inkişafı istiqamətində qarşımıza qoyduğu vəzifələrin icrası ilə bağlı universitet kollektivi yorulmadan çalışır. Müəllimlərimizin, akademik heyətimizin, tələbələrimizin elmi potensialı günü-gündən artır. Bu da özünü beynəlxalq səviyyədə göstərir. QS reytinqlər cədvəlində əhəmiyyətli dərəcədə irəliləməyimiz hər birimizin əməyinin bəhrəsi, əziyyətinin göstəricisidir. Gələcək hədəflərimiz böyük, planlarımız genişdir. Ən vacib istiqamətlərdən biri Azərbaycan həqiqətlərinin dünyada təbliğidir. Dilimizi, mədəniyyətimizi, elmi potensialımızı ən böyük ali təhsil ocaqlarının tribunalarında davamlı şəkildə təqdim etmək universitet olaraq strateji məqsədimizdir. Bu məqsədə çatmaq üçün Azərbaycan Dillər Universitetinin əzmkar kollektivi və böyük elmi potensialı var".
Akademik Kamal Abdulla əlavə edib ki, ADU-nun bu nailiyyətləri onun beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini bir daha nümayiş etdirərək, universitetin uğurlarına sevinə bilməyənlərə yaxşı cavab oldu.
Qeyd edək ki, QS fənn reytinqləri beş əsas indikator əsasında formalaşdırılır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, bir məqaləyə düşən istinadların sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu göstəricilər ali təhsil müəssisələrinin həm elmi-tədqiqat potensialını, həm də qlobal akademik mühitdəki mövqeyini kompleks şəkildə qiymətləndirməyə imkan verir.



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.