EN

Qalibaf Trampa mesaj göndərib: Heç kim İrana ultimatum verə bilməz...

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf xalqa müraciətindı ölkə daxilində birlik və qətiyyət çağırışı edib...

Poliqon xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-nin prezidenti Donald Trampın siyasətinə dolayısı ilə cavab verərək sərt bəyanatla çıxış edib. O, X sosial şəbəkəsində etdiyi paylaşımda İran xalqına müraciət edərək ölkəyə qarşı hər hansı ultimatumun qəbuledilməz olduğunu vurğulayıb.

Qalibaf çıxışında “Qəhrəman İran xalqı!” ifadəsi ilə başlayaraq son günlərdə ölkədə baş verən hadisələrə toxunub. O bildirib ki, vətəndaşların 25 gecə boyunca küçələrdə fəal iştirakı və silahlı qüvvələrin fədakarlığı nəticəsində İran üçün “tarixi qələbə” üçün şərait formalaşıb.

İran rəsmisi xüsusi olaraq qeyd edib ki, heç bir dövlət və ya siyasi qüvvə İrana və İran xalqına ultimatum verə bilməz. Onun sözlərinə görə, ölkənin gələcəyi uğrunda mübarizə davam edəcək və İran bu fürsəti əldən verməyəcək.

“Övladlarınız bu imkanı tam qələbə əldə olunana və ‘müharibə–barışıq–müharibə’ kimi qapalı dövrə qırılana qədər əldən verməyəcək”, deyə Qalibaf bildirib.

Analitiklər hesab edirlər ki, bu bəyanat regionda artan gərginlik fonunda Tehranın mövqeyini nümayiş etdirir və xüsusilə ABŞ ilə münasibətlərdə sərt xəttin davam edəcəyinə işarədir. Qalibafın çıxışı həm də daxili auditoriyanı səfərbər etmək və milli həmrəyliyi gücləndirmək məqsədi daşıyır.

Son hadisələr fonunda İran rəhbərliyi mütəmadi olaraq ölkənin suverenliyinə yönələn təzyiqlərə qarşı sərt reaksiya verəcəyini bəyan edir və hərbi-siyasi müqavimətin davam etdiriləcəyini vurğulayır.

Poliqon.info

Chosen
59
poliqon.info

1Sources