EN

Kabab süfrəsi, bahalı viskilər, “Ferrari” – prokuror Yusifzadənin həyat tərzi

Keçmiş mərhum prokuror Vəli Yusifovun oğlu Heydər Yusifzadənin prokurorluq orqanlarından xaric edilməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Heydər Yusifzadə sosial şəbəkələrdə lüks həyat tərzini nümayiş etdirməsi ilə daima mediada geniş müzakirələr doğurub. Sosial şəbəkələrdə Yusifzadənin bahalı “Ferrari”nin fonunda, müxtəlif spirtli içkilərin olduğu barın qarşısında, kabab süfrəsi arxasında, tamaşa zallarından birində VİP lojada poza verməsi və bu kimi həyat tərzini nümayiş etdirməsi əks olunan fotolar bəs deyincədir.  Heydər Yusifzadənin prokurorluq orqanlarından xaric edilməsinin səbəbi açıqlanmasa da, müzakirələrdə onun bu hərəkətlərinə görə prokurorluq orqanlarından xaric edilməsi ehtimalları irəli sürülür.


Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan tanınmış vəkil Cavad Cavadov deyib ki, şəxsi həyatın göstərilməsi öz-özlüyündə qanuna zidd deyil, lakin dövlət qulluqçularının etik davranış qaydaları və prokurorluq işçilərinin etik kodeksi onların sosial media davranışlarını tənzimləyir:  “Belə vəziyyətlərdə intizam məsuliyyəti yalnız qanuni əsas, prosedur və proporsionallıq çərçivəsində tətbiq oluna bilər: “Həmin işçinin hansı əsasla işdən azad olunması barədə rəsmi və detallı açıqlama olmadığından, konkret iş üzrə qəti hüquqi nəticə çıxarmaq çətindir. Ancaq ümumi olaraq məsələni hüquqi baxımdan qiymətləndirmək mümkündür”.


Cavad Cavadov qeyd edir ki, prokurorluq işçisinin və ümumilikdə dövlət qulluqçusunun sosial şəbəkədən istifadə etməsi, şəxsi həyatına dair foto və videolar paylaşması öz-özlüyündə qanuna zidd deyil. Lakin bu sahədə həm “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun, həm də konkret peşələr üzrə xüsusi etik kodekslər müəyyən çərçivələr yaradır:


“Yəni məsələ təkcə prokurorluq işçilərinə aid deyil; dövlət qulluqçusu statusu daşıyan bütün şəxslər üçün etik davranış, təvazökarlıq, nüfuzun qorunması və maraqlar toqquşmasından yayınma tələbləri ümumi xarakter daşıyır. Vəkilin sözlərinə görə, prokurorluq sistemi üçün bu ümumi çərçivə ilə yanaşı ayrıca Etik davranış kodeksi də mövcuddur və həmin kodeksdə sosial media davranışı ayrıca tənzimlənir. Kodeksin 3.4-cü bəndinə görə prokurorluq işçisi hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməlidir. 33.1-ci bəndə əsasən isə prokurorluq işçisi fərdi sosial media hesablarından istifadə edərkən prokurorluğun cəmiyyətdəki nüfuzuna xələl gətirən hərəkətlərdən yayınmalı, maraqların toqquşmasına səbəb ola biləcək və ya konfidensial məlumatların açıqlanması ilə nəticələnə biləcək hallara yol verməməlidir”.


Cavad Cavadov hesab edir ki, məhz bu prizmadan yanaşdıqda prokurorluq əməkdaşının sosial mediada lüks həyat tərzini açıq şəkildə nümayiş etdirməsi sırf şəxsi seçim kimi qiymətləndirilə bilməz: “Prokurorluq işçisi adi vətəndaş deyil. O, cəmiyyətdə hüquq-mühafizə sistemini təmsil edən şəxsdir və onun davranışı təkcə şəxsi davranış kimi yox, təmsil etdiyi qurumun nüfuzuna təsir edən davranış kimi qiymətləndirilir. Bu prizmadan yanaşdıqda, sosial mediada dəbdəbəli həyat tərzinin reklam olunması prokurorluğun nüfuzuna xələl gətirən hərəkət hesab edilə bilər və bundan çəkinilməlidir.”


Onun fikrincə, burada söhbət təkcə bahalı avtomobil, lüks məkan və ya dəbdəbəli həyat görüntülərindən getmir. Belə paylaşımlar hüquq-mühafizə orqanı əməkdaşının gəlirləri, etik davranışı, xidmət nüfuzu və cəmiyyətdə formalaşan inam baxımından əlavə suallar yaradır. Xüsusilə hüquq-mühafizə və digər həssas dövlət vəzifələri daşıyan şəxslər üçün bu, artıq şəxsi zövq məsələsindən çox institusional reputasiya məsələsidir.


Vəkil bildirib ki, buna görə intizam məsuliyyəti və hətta xidmətdən azadetmə prinsip etibarilə mümkündür, amma yalnız bir şərtlə - qərar qanunda və daxili xidmət qaydalarında nəzərdə tutulmuş hüquqi əsaslara, prosedura və sübutlara söykənməlidir: “Əgər müəyyən edilirsə ki, dövlət qulluqçusu etik davranış qaydalarını kobud şəkildə pozub, təmsil etdiyi qurumun nüfuzuna xələl gətirən hərəkətlərə yol verib, bu, intizam məsuliyyəti üçün əsas yarada bilər. Hətta müəyyən hallarda işdən çıxarma ilə nəticələnməsi də mümkündür. Amma bu, mütləq qaydada qanuni prosedurla, konkret hüquqi əsaslarla və daxili araşdırmanın nəticələri əsasında həyata keçirilməlidir”.


Cavad Cavadovun sözlərinə görə, “lüks həyat tərzi nümayiş etdirdi, deməli avtomatik işdən çıxarılmalıdır” kimi yanaşma hüquqi cəhətdən düzgün deyil. Qanuni qiymətləndirmə üçün ən azı bu suallara cavab olmalıdır: konkret hansı paylaşım etik pozuntu sayılıb, həmin davranışın qurumun nüfuzuna xələl gətirdiyi necə əsaslandırılıb, intizam icraatı aparılıbmı, işçiyə izahat vermək imkanı yaradılıbmı və işdən çıxarma son və proporsional tədbir kimi seçilibmi?


Vəkil əlavə edib ki, beynəlxalq praktikada da dövlət qulluqçularının, xüsusən hüquq-mühafizə, məhkəmə və digər yüksək etimad tələb edən vəzifə sahiblərinin şəxsi sosial media davranışı sırf “özəl sahə” kimi qəbul edilmir. Məsələn, Birləşmiş Krallıqda dövlət qulluqçularının sosial media fəaliyyəti Civil Service Code və ayrıca hökumət təlimatları ilə dürüstlük, tərəfsizlik və ictimai etimad prinsipləri çərçivəsində qiymətləndirilir. Kanadada 2025-ci ildə yenilənmiş rəsmi təlimatlarda da açıq şəkildə göstərilir ki, şəxsi sosial media hesablarından istifadə zamanı belə dövlət qulluqçusu öz postlarının federal dövlət xidmətinin dürüstlüyünə və qərəzsizliyinə necə təsir edəcəyini nəzərə almalıdır.


Cavad Cavadov qeyd edir ki, beynəlxalq presedentlər də balans prinsipini təsdiqləyir: “Avropa İnsan Hüquqları Məhkəməsinin Danileţ Rumıniyaya qarşı və Kudeshkina Rusiyaya qarşı işləri göstərir ki, dövlət qulluqçuları, xüsusilə hakim və prokuror kimi vəzifə sahibləri tam susdurula bilməzlər, onların da ifadə azadlığı var. Amma eyni zamanda dövlət onlardan peşənin nüfuzu, tərəfsizlik görüntüsü və ictimai etimad baxımından daha yüksək davranış standartı tələb edə bilər. Əsas məsələ odur ki, intizam tədbiri avtomatik yox, proporsional və əsaslandırılmış olsun”.


Vəkilin fikrincə, Azərbaycanda da yanaşma bu istiqamətdə qurulmalıdır: etik pozuntu ilə hüquqi məsuliyyət bir-birinə qarışdırılmamalı, amma dövlət qulluqçusu statusu da tam “şəxsi həyat toxunulmazlığı” pərdəsi arxasında gizlədilməməlidir. “Mən hesab edirəm ki, prokurorluq işçisi və ümumilikdə dövlət qulluqçusu sosial mediada lüks həyatı reklam edən, ictimaiyyətdə narazılıq və şübhə yaradan davranışlardan çəkinməlidir. Bu, peşənin nüfuzu ilə uzlaşmır. Belə davranış etik baxımdan problem yarada və müəyyən hallarda intizam məsuliyyəti doğura bilər. Amma konkret şəxsin işdən çıxarılmasının qanuni olub-olmamasını demək üçün yenə də hüquqi əsas və prosedur rəsmi şəkildə açıqlanmalıdır”.

Tarix: 27 Mart 2026, 13:00   
Chosen
8
8
pravda.az

9Sources