EN

Amerikalı səyyah: Azərbaycan coğrafi baxımdan Asiyanı və Avropanı birləşdirən çox unikal bir mövqedə yerləşir

Zəngilan, 27 mart, AZƏRTAC

Burada Zəngəzur dəhlizinin yaradılmasını görmək bizim üçün çox xoş oldu. Azərbaycan bu layihənin reallaşdırılmasına çox sadiqdir və dövlət tərəfindən bununla bağlı çoxlu tikinti işləri aparılıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Zəngilana səfər edən dünya səyyahı Stephen Nemeth bildirib. "Bütün yollar asfaltlanıb və tunellər tikilib. Ona görə də onun tamamlanması görmək çox maraqlı olardı. Bu, Azərbaycan, Naxçıvan və dəhliz boyu yerləşən digər ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Düşünürəm ki, burada regional əməkdaşlıq çox vacibdir. Azərbaycan coğrafi baxımdan Asiyanı və Avropanı birləşdirən çox unikal bir mövqedə yerləşir. Bu dəhliz tikilib başa çatdıqdan sonra bir çox fərqli ölkələr arasında çox əhəmiyyətli bir quru əlaqəsi təmin edilmiş olacaq.”

Qeyd edək ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti Zəngilan olub. Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olublar.

Qeyd edək ki, 2 günlük səfər çərçivəsində bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.

“NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Müxbir-Aydın Yavərzadə

Chosen
53
2
azertag.az

3Sources