EN

"Ermənilər sülh və müharibə, Qərb və Rusiya arasında seçim edəcək" – Şəhla Cəlilzadə

"Ermənistanda 7 iyun 2026-da baş tutacaq parlament seçkiləri regional sülh və sabitliyin qorunmasına dair ölkə ictimaiyyətinin iradəsini nümayiş etdirəcək. Bu baxımdan, mühüm və taleyüklü seçkilər hesab oluna bilər. Ermənistanda parlament seçkiləri proporsional qaydada keçirilir. Partiyalar üçün 4%, partiya koalisiyaları üçün isə 8% səs limiti mövcuddur. Mandat uğrunda mübarizə aparan tərəflər iqtidar partiyası, yəni Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası və ona müxalif olan qüvvələrdir. Müxalif qüvvələr xüsusilə 2021-ci ildə, II Qarabağ müharibəsindən dərhal sonra Paşinyanı devirmək üçün aktivləşərək müxtəlif mexanizmlərə əl atdılar, lakin uğurlu olmadılar. Həmin dövrdə Xocalı qatili Robert Koçaryan “Daşnaksütun” və “Vahid Ermənistan” partiyalarını, yəni qatı revanşistləri “Ermənistan İttifaqı”nda, Serj Sarkisyan isə “Respublika” və “Anavətən” partiyalarını “Şərəfim var” blokunda Paşinyana qarşı birləşdirmişdi. Xalq onları deyil, Paşinyanı dəstəklədi. Öncəliklə, Paşinyana qarşı impiçment təşkil etməyə çalışdılar, lakin bu cəhd baş tutmadı. Paşinyan 2021-ci ildəki növbədənkənar seçkilərdə öz legitimliyini daha da möhkəmləndirdi. Koçaryanın Sarkisyan dövründə təsir üçün 2007-ci ildə yaratdığı psevdo-partiya, Tsarukyanın “rəhbərliyi” altında “Çiçəklənən Ermənistan” partiyası da hər hansı rəqabət gücünə malik deyil. Bu partiya qatil ikilinin (Koçaryan–Sarkisyan) dövründə parlamentdə 15–30% səs toplaya bilirdisə, Paşinyanın dövründə səsləri 3–4%-ə enmişdi. Başqa sözlə, limitin altındadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, Ermənistanda parlament seçkilərinə sayılı vaxt qaldığı bir dövrdə siyasi mübarizə daha da kəskinləşir. Xüsusilə revanşist düşərgənin fəallaşması diqqət çəkir. Robert Koçaryan, Serj Sarkisyan və Samvel Karapetyan ətrafında formalaşan qüvvələrin aktivləşməsi həm daxili siyasi balans, həm də regiondakı proseslər baxımından mühüm suallar doğurur. Bu fonda seçkilər Ermənistanın gələcək siyasi kursunu müəyyən edən əsas mərhələyə çevrilir.

Siyasi şərhçi qeyd edib ki, bu cür partiyalar seçki dövründə səslərlə manipulyasiya məqsədinə xidmət edir və böyük ehtimalla yeni layihə olan Samvel Karapetyana səsləri yönləndirəcəklər.

Chosen
9
aznews.az

1Sources