EN

İraq və ABŞ hücumların qarşısını almaq üçün birgə komitə yaradıb

İraq və ABŞ arasında terror hücumlarının qarşısının alınması məqsədilə yüksək səviyyəli birgə koordinasiya komitəsi yaradılıb.

“İki sahil” İraq Xəbər Agentliyinə istinadla bildirir ki, strateji tərəfdaşlıq çərçivəsində keçirilən ilk iclas zamanı tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Məlumata əsasən komitənin əsas məqsədi terror hücumlarının qarşısını almaq, həmçinin İraq ərazisinin ölkəyə, onun təhlükəsizlik qüvvələrinə və strateji obyektlərinə qarşı hər hansı hücum üçün istifadə olunmasına imkan verməməkdir. Bununla yanaşı, ABŞ və beynəlxalq koalisiya qüvvələrinə, eləcə də diplomatik missiyalara qarşı təhdidlərin qarşısının alınması da prioritetlər sırasındadır.

Bəyanatda qeyd olunub ki, hər iki tərəf İŞİD terror qruplaşmasına qarşı mübarizədə əldə olunan uğurları davam etdirmək niyyətindədir.

Tərəflər, həmçinin İraqın regional münaqişələrdən kənarda saxlanılması, ölkənin suverenliyinə tam hörmət edilməsi və onun ərazisi, hava məkanı və ərazi sularından digər dövlətlərə qarşı təhdid məqsədilə istifadə olunmaması ilə bağlı öhdəliklərini bir daha təsdiqləyiblər.

Sonda vurğulanıb ki, terrorla mübarizə sahəsində koordinasiya İraqda sabitliyin qorunmasına xidmət edəcək.

Chosen
15
6
ikisahil.az

7Sources