Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxt Bakı və Bakıətrafı rayonlarda iki gündür yağan yağış şəhərdə piyada və nəqliyyatın hərəkətini iflic edib.
Bakupost.az xəbər verir ki, bir çox ərazilərdə keçilməz gölməçələr yaranıb. Hətta bəzi yaşayış və digər məqsədlərlə istifadə edilən binalar da yağışın qarşısında aciz qalıb.
Paytaxtda dəfələrlə təkrarlanan bu vəziyyət problemdən real çıxış yollarının tapılmasını tələb edir.
Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Bakıda yağışın yağması ilə şəhərin iflic vəziyyətə düşməsi heç də təsadüfi deyil. Onun fikrincə, bu həm iqlim dəyişiklikləri, həm də şəhər infrastrukturunun hazırkı vəziyyəti ilə bağlıdır:

“Amma bu o demək deyil ki, vəziyyətlə barışmalıyıq. Çıxış yolları var, sadəcə onlar sistemli və uzunmüddətli yanaşma tələb edir”.
Ekspertin sözlərinə görə, əsas problem şəhərin böyüməsi fonunda drenaj və kanalizasiya sistemlərinin bu templə ayaqlaşa bilməməsidir:
“Yağış sularının axıdılması üçün nəzərdə tutulan drenaj və kanalizasiya sistemləri köhnəlib və kifayət qədər güclü deyil. Şəhər sürətlə böyüyüb, amma suötürücü sistemlər bu tempə uyğun yenilənməyib. Buna görə də güclü yağış zamanı suyun axıb gedəcəyi yer olmur və su küçələrə dolur”.
Mərkəz sədri həll yollarını bu sahədə genişmiqyaslı yenidənqurma, yeni kollektorların çəkilməsi və mövcud xətlərin təmizlənməsində görür:
“Digər məsələ şəhərsalma ilə bağlıdır. Şəhərin ümumi səviyyəsindən aşağı – çökəklik ərazilərdə tikililərin çoxluğu, asfalt və beton örtüyün geniş yayılması suyun torpağa hopmasının qarşısını alır”.
Həmsöhbətimizə görə, daha düzgün planlaşdırma, yaşıllıq zonalarının artırılması və suyu udan səthlərin tətbiqi vəziyyəti xeyli yaxşılaşdıra bilər:
“Baxın, Bakıda nə qədər asfaltlanmış və müxtəlif materiallarla örtülmüş meydançalar var. Hətta parklar belə bütöv örtüklə torpaqdan təcrid edilib. Əslində isə parklarda yalnız səkilər belə örtüklərlə örtülməli, ərazinin 90 faizi təbii torpaq olmalıdır ki, yağan yağış suyunun bir hissəsini uda bilsin”.
İqtisadçı qısa müddətli həll variantlarının da mümkün olduğunu bildirib:
“Məsələn, yağışdan əvvəl və sonra kanalizasiya xətlərinin operativ təmizlənməsi, riskli ərazilərdə nasos sistemlərinin qurulması, fövqəladə hallara daha çevik reaksiya verilməsi. Bu addımlar problemi tam həll etməsə də, təsiri azalda bilər”.
A. Nəsirli həmçinin hesab edir ki, şəhər iqlim şəraitinə uyğunlaşdırılmalıdır:
“Dünyanın bir çox şəhərləri artıq bu cür yağışlara uyğunlaşmaq üçün ‘ağıllı drenaj sistemləri’, suyu müvəqqəti saxlayan parklar və xüsusi su kanalları qurur. Bakı kimi mürəkkəb relyefli şəhər üçün də bu cür həllər vacibdir. Yəni vəziyyət qaçılmaz deyil, sadəcə ciddi planlama, investisiya və idarəetmə tələb edir”.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir ki, problemdən çıxış yolu drenaj və kanalizasiya sisteminin tamamilə yenidən qurulmasından keçir:

“İlk dəfə deyil ki, Bakıda yağış yağanda infrastrukturla bağlı bərbad vəziyyət yaranır. Bu vəziyyət nə ilkdir, nə də son olacaq”.
Həmsöhbətimiz paytaxtda evlərin normal məskunlaşma qaydalarına uyğun tikilməsinin vacibliyini də vurğulayıb:
“Bakının yükünün azaldılması istiqamətində addımlar atılmalıdır. Mövcud şəraitdə Bakı həddən artıq yüklənib. Ölkə əhalisinin təxminən 40 faizi Bakı və Bakıətrafına toplaşıb. Bu problemlərin həlli istiqamətində ciddi addımlar atılmadıqca, vəziyyət ildən-ilə daha da kəskinləşəcək”.
Rüfət Sultan, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.