EN

FAO Azərbaycana balıqçılıq təsərrüfatının inkişafı üzrə beşillik plan hazırlamağı təklif edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycana ekosistem yanaşması prinsiplərinə əsaslanan akvakultura sektorunun inkişafı üzrə beşillik milli plan hazırlamağı tövsiyə edir.

"Far.Az" xəbər verir ki, bu barədə FAO-nun "Azərbaycanda akvakultura və balıqçılıq təsərrüfatının inkişaf perspektivləri" adlı texniki qeydində deyilir.

FAO-nun mövqeyinə əsasən, bu plan bir sıra strategiyaları - istehsal-satış zəncirinin təkmilləşdirilməsinə, Azərbaycanın qara kürüsü və nərə məhsulları brendinin tanıdılmasına yönəlmiş nərə balığı təsərrüfatının inkişafı strategiyası; məhsuldarlığın artırılmasını və istehsal xərclərinin beynəlxalq səviyyəyə qədər azaldılmasını nəzərdə tutan alabalıq təsərrüfatının inkişafı strategiyası; ənənəvi ekstensiv sistemlərdən daha intensiv və suya qənaət texnologiyalarına keçidə yönəlmiş karp təsərrüfatının inkişafı strategiyasını əhatə etməlidir.

Bundan başqa, plana nərə balıqları və Xəzər qızılbalığı populyasiyasının elmi əsaslarla bərpasını təmin edən milli reproduksiya proqramı, FAO-nun qabaqcıl metodikaları əsasında effektiv biotəhlükəsizliyin təmin edilməsinə yönəlmiş akvakultura heyvan sağlamlığının idarə edilməsi sistemi, habelə alabalıq və nərə balığı üçün idxal olunan yemdən asılılığın azaldılması məqsədilə yem istehsalının artırılması daxil edilməlidir.

FAO xatırladır ki, 2024-cü il dekabrın 19-da Prezidentin imzaladığı "Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq akvakultura və balıqçılıq sektorlarının idarə edilməsi funksiyaları Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Kənd Təsərrüfatı Nazirliyinə ötürülüb.

"Azərbaycanda balıq məhsullarının təklif strukturu həm sənaye balıqçılığındakı məhdudiyyətlər, həm də akvakultura sahəsinin reallaşdırılmamış potensialı ilə şərtlənir. Akvakultura istehsal həcmlərinin əhəmiyyətli dərəcədə artırılması üçün imkanlar yaratsa da, ənənəvi balıqçılıq ekoloji və resurs amillərinin təzyiqi altındadır. Artım potensialının üzə çıxarılması üçün idarəetmə sisteminin modernləşdirilməsini və institusional dəyişiklikləri, təkmilləşdirilmiş istehsal texnologiyalarının tətbiqini, qanunvericilik və normativ-hüquqi bazadakı boşluqların aradan qaldırılmasını, texniki səriştə və maliyyə dəstəyi alətlərinin çatışmazlığının aradan qaldırılmasını, habelə ölkə daxilində balıq istehlakının aşağı səviyyəsinin stimullaşdırılmasını və daxili bazarın formalaşdırılmasını əhatə edən hərtərəfli islahat proqramı tələb olunacaq", - sənəddə qeyd edilir.

FAO əsas diqqəti Azərbaycanda daxili balıq istehsalının artırılması üçün məhz akvakulturanın ən perspektivli istiqamət olmasına yönəldir. Əsas imkanlar arasında bioresursların davamlı idarə edilməsi, ilk növbədə, nərə balığı ehtiyatlarının bərpasına diqqət yetirilməsi, rekreasiya balıqçılığının inkişafı (düzgün təşkil edilmiş həvəskar balıq ovu turizm hesabına nəzərəçarpacaq iqtisadi üstünlüklər yaratmağa qadirdir), habelə ümummilli balıq tədarükü həcminin artırılması məqsədilə balıq yetişdirmə proqramlarının optimallaşdırılmasını nəzərdə tutan mədəni balıqçılığın inkişafı yer alır.

Bunu nəzərə alaraq FAO üç tematik istiqaməti əhatə edən yol xəritəsi hazırlayıb: institusional mühitin və idarəetmənin gücləndirilməsi, istehsal-satış zəncirlərin möhkəmləndirilməsi, bazar məkanının inkişafı. FAO-nun qiymətləndirməsinə görə, birinci istiqamət çərçivəsində qanunvericilik sahəsində islahatların aparılması zəruridir, bura torpaq və su resurslarından istifadə ilə bağlı maneələrin aradan qaldırılması, akvakulturanın prioritet inkişaf zonalarının müəyyən edilməsi, habelə məlumatların rəqəmsal transformasiyası, o cümlədən etibarlı statistika üçün balıq yetişdirmə təsərrüfatlarının uçotunun Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiyası daxildir.

İkinci istiqamət çərçivəsində akvakultura sahəsinin inkişafı üzrə beşillik milli planın hazırlanması təklif olunur.

Üçüncü istiqamət tələbin stimullaşdırılmasına fokuslanıb, bura balıq məhsullarının sağlam qidalanma üzrə milli strategiyalara daxil edilməsi və keyfiyyətli məhsullara çıxışın genişləndirilməsi üçün soyuducu logistikanın inkişafı, yerli balığın maya dəyərinin azaldılmasına yönəlmiş qabaqcıl texnologiyalara investisiya qoyulması yolu ilə idxalın əvəzlənməsi, eləcə də tanınan milli brendin formalaşdırılması və beynəlxalq bazarlarda irəliləyiş üçün bazar analitikasının təkmilləşdirilməsi vasitəsilə ixrac potensialının gücləndirilməsi daxildir.

Chosen
28
3
far.az

4Sources