EN

Sərəncam verildi, amma Bakı yenə suya qərq oldu – SƏBƏB NƏDİR?

"Dövlət başçısının 2025-ci ildə intensiv yağışlarla bağlı çıxışı olmuşdu. Prezident məhz bu məsələ ilə bağlı "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" adlı sərəncam imzalamışdı. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar bu problemin həllində heç bir təşəbbüs ortaya qoymayıb".

Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. Onun sözlərinə görə, yağışlar zamanı paytaxtda baş verən problemlər infrastrukturun bərbad olması ilə əlaqədardır:

"Sabunçu körpüsünün altı yenə də su ilə dolub və polis əməkdaşları tərəfindən gediş-gəliş dayandırılıb. Şəhərin əsas hissələri çox acınacaqlı durumdadır. Xüsusən, dairəvi yollar və yol ötürücülərinin kəsişdiyi yerlərdə daha ciddi vəziyyət müşahidə edilir. Bakı kəndləri isə ümumiyyətlə suyun içərisindədir. Təbii ki, infrastrukturun olmaması problemi özünü göstərir. Eyni zamanda şəhərsalmada baş verən nöqsanlar çox qabarıq şəkildə görünür. Bakı şəhəri vaxtilə elə arxitektura ilə qurulmuşdu ki, şəhərdə ümumiyyətlə yağıntı suları problemə çevrilmirdi. Amma şəhərin birdən-birə yüklənməsi, hündürmərtəbəli binaların harada gəldi tikilməsi, paytaxta intensiv köç vəziyyəti xeyli gərginləşdirib. Bakıya köçən vətəndaşların hamısı təbii su və kanalizasiya istifadəçisidir. Nəticə etibari ilə ötən əsrin 50-ci illərində 1 milyon əhali üçün nəzərdə tutulan su-kanalizasiya sistemi artıq 5 milyon sakinin qarşısında dözmür".

İ.Hüseynli vurğulayıb ki, köklü və qalıcı həll yollarının tətbiqi demək olar ki, mümkünsüzdür:

"Vaxtilə Bakıda tikinti bumu başlamazdan əvvəl biz təklif etmişdik ki, yağış və kanalizasiya suları ayrılsın. Bunun üçün xüsusi yeraltı depolar hazırlayıb, həmin yağış sularını istehlakçıların istifadəsinə vermək mümkündür. Örnək olaraq, Berlin şəhərini göstərmək olar. Bu şəhər həm əhali, həm də ərazisinə görə təqribən Bakı boydadır. Amma onlar bütün yağış sularını xüsusi texnoloji sistemlər vasitəsi ilə yerin altında depolayaraq, vətəndaşların istifadəsinə verirlər. Bu, həm də ölkənin su problemi ilə bağlı çox unikal bir model ola bilərdi. Çox ciddi imkanlarımızı itirmişik. Yalnız təzədən paytaxtın qazılması, yeni kanalizasiya infrastrukturunun inşası həll yoludur. Kanalizasiya sistemlərinin diametri dərinləşdirilməlidir. Lyukların su ötürücülük imkanları yaxşılaşdırılmalıdır. Mən düşünürəm ki, miqrasiyanın qarşısı alınmasa, regionlara yenidən köç başlamasa bizim bu problemlərdən xilas olma ehtimalımız sıfırdır"./yenisabah

Chosen
20
24
musavat.com

10Sources