Bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur.
Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciətində qeyd olunub.
İdarə hərəkət iştirakçılarından qayıdış zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyi xahiş edib.
"Bununla yanaşı, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq, yol və hava şəraitini düzgün qiymətləndirmək, hərəkət zamanı sürət həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini qorumaq, ötmə və digər manevrlər zamanı xüsusilə diqqətli olmaq vacibdir.
Eyni zamanda, sürücülərin uzun məsafəli səfərlər zamanı fasilələrlə istirahət etmələri, diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadə hallarına yol verməmələri, bu kimi davranışlardan uzaq durmaları tələb olunur.
BDYPİ hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa və qaydalara ciddi əməl etməyə çağırır", - deyə müraciətdə bildirilib.