EN

Çin və İran təhlükəsi Tokionu silkələdi – Ukrayna ilə gizli plan!

“Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayanda Kiyevin müasir pilotsuz uçuş aparatları demək olar ki, yox idi. Müharibənin ilk ilində Ukrayna ehtiyac duyduğu dronların bir hissəsini Türkiyədən alsa da, artıq beşinci ilə keçən savaş ölkəni müxtəlif modifikasiyalı dron istehsalında dünya liderlərindən birinə çevirib”.

NOCOMMENT.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ukrayna həm istehsalatda, həm də Rusiya dronları ilə mübarizədə böyük təcrübə toplayıb. Bu səbəbdən İranın PUA hücumlarından əziyyət çəkən Körfəz ölkələri Ukraynanın təcrübəsini paylaşmaqda maraqlıdır. Politoloq qeyd edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin region ölkələrinə səfərləri uğurlu nəticə verib:

“Körfəz ölkələri Ukraynadan İran PUA-larına qarşı effektiv müdafiə qabiliyyətinə malik dronlar almağa razılıq veriblər”.

Politoloq hesab edir ki, Ukraynanın təcrübəsinə maraq göstərən ölkələrdən biri də yüksək texnologiyalı sənaye ilə tanınan Yaponiyadır. Şahinoğlu vurğulayır ki, ABŞ və İsrailin İrana qarşı apardığı müharibə bahalı hava müdafiə sistemlərinin ucuz dronlara qarşı yetərincə effektiv olmadığını göstərdi:

“Bu səbəbdən Yaponiya həm dron istehsalında, həm də dron əleyhinə texnologiyalarda Ukrayna ilə əməkdaşlığa qərar verib”.

O qeyd edir ki, Pekin və Pxenyanın hərbi gücünü artırması, eləcə də Yaxın Şərqdəki müharibələrin dinamikası Tokio hökumətini İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş sülhpərvər Konstitusiyanı dəyişməyə vadar edə bilər. Hazırkı Konstitusiya Yaponiyanın hərbi xərclərini və müasir hərbi texnika istehsalını məhdudlaşdırır.

Elxan Şahinoğlu bildirir ki, Yaponiyanın baş naziri Sanae Takaiçi Çinlə konstruktiv münasibətlərin tərəfdarı olsa da, regional təhlükəsizlik risklərinin artması Tokionu ehtiyatlı addımlar atmağa məcbur edir. Politoloqun sözlərinə görə, Yaponiyanın narahatlığının əsas səbəbləri bunlardır:

* Çinin Tayvana nəzarəti ələ keçirmək niyyəti,
* Pekinin Yaponiyaya yaxın adalara iddiaları,
* Çin və Rusiyanın bölgədə birgə keçirdiyi hərbi təlimlərin intensivləşməsi.

Şahinoğlu vurğulayır ki, baş nazir Takaiçi İranla müharibə fonunda artan informasiya axını səbəbindən xarici kəşfiyyata şəxsən nəzarət etməyi qərara alıb. Bu məqsədlə ölkədə iki yeni qurumun – Kəşfiyyat Katibliyi və Milli Kəşfiyyat Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Yeni strukturların vəzifələri belə olacaq:

* Kəşfiyyat Katibliyi — müxtəlif dövlət orqanları arasında məlumat mübadiləsini əlaqələndirəcək,
* Milli Kəşfiyyat Şurası — qısa, orta və uzunmüddətli təhlükəsizlik strategiyalarını hazırlayacaq.

Qanun layihəsinin iyulda qüvvəyə minməsi planlaşdırılır. Politoloqa görə, əsas məqsəd dövlət qurumları arasındakı maneələri aradan qaldırmaq və daha çevik idarəetməyə nail olmaqdır. Beləliklə, baş nazir bundan sonra yalnız daxili və xarici siyasətə deyil, həm də kəşfiyyat fəaliyyətinə birbaşa cavabdeh olacaq.

Tunar

NOCOMMENT.az 

Chosen
45
44
nocomment.az

10Sources