İlahiyyatçılar İslam dini baxımından qarğa ətinin yemək üçün uyğun olmadığını vurğulayırlar. Qurani-Kərim və hədislərdə təmiz və pak qidalar ilə bağlı tövsiyələr vardır ki, qarğalar bu siyahıya daxil edilmir. Əksər alimlər qarğanı “haram” qidalar sırasında sayırlar. Bu quşun ölmüş heyvanları yeməsi və çürük məhsullarla qidalanması onun ətinin də çirkli və zərərli olmasına işarədir. Dinimizdə yalnız təmiz və faydalı qidalar insan üçün tövsiyə olunur və qarğa bu meyarlara cavab vermir. Həkim Elgün Quliyev Metbuat.az-a açıqlamasında deyib ki, qarğa əti insan sağlamlığı üçün təhlükədir. Onun sözlərinə görə, qarğalar qeyri-sağlam qidalandıqları üçün onların ətində zərərli bakteriyalar və parazitlər olur: “Bu ətdən istifadə mədə-bağırsaq infeksiyaları, qida zəhərlənmələri və digər xəstəlik risklərini artırır. Mümkündür ki, qarğa ətinin tərkibində yüksək səviyyədə toksinlər olsun. Bu üzdən onun yeyilməsi təhlükəli sayılır. Həmçinin qarğa ətini yeyən bəzi insanlar allergik xəstəliklərə tutula bilər, buna görə də tibbi baxımdan tövsiyə edilmir”. Mütəxəssis bildirib ki, insanlar sağlamlıqlarını qorumaq üçün yalnız yoxlanılmış və təmiz heyvan ətlərini istehlak etməlidirlər.
Nazim Hüseynzadə / Metbuat.az