EN

Ermənistanda ixrac şişirdilir?

Ermənistan iqtisadiyyatı ilə bağlı açıqlanan rəsmi statistika mübahisə doğurub.

Musavat.com xəbər verir ki, “Etk” nəşri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın ixracla bağlı açıqlamalarını şübhə altına alıb.

Nəşrin yazdığına görə, nazir 2025-ci ildə Ermənistandan “yerli mənşəli” məhsulların ixracının təxminən 4,5 milyard dollar olduğunu və bu göstəricinin əvvəlki illərlə müqayisədə ciddi artdığını bildirib.

Lakin araşdırma göstərir ki, bu artımın böyük hissəsi zərgərlik məmulatlarının hesabına formalaşıb və onların yerli istehsal kimi təqdim edilməsi mübahisəlidir. Hətta siyahıda mobil telefonların da yer alması diqqət çəkir, halbuki Ermənistanda bu məhsulların istehsalı yoxdur.

Məlumata görə, 4,5 milyard dollarlıq ixracın təxminən 1 milyardı zərgərlik məhsullarının payına düşür. Ekspertlər isə bu həcmdə istehsal üçün Ermənistanda kifayət qədər müəssisə və mütəxəssis olub-olmaması ilə bağlı sual qaldırırlar.

“Etk” qeyd edir ki, Rusiya–Ukrayna müharibəsindən sonra Ermənistan üzərindən Rusiya qızılının reeksportu kəskin artıb. Bu, statistikada “yerli məhsul” kimi göstərilən göstəricilərin şişirdilməsi ehtimalını gücləndirir.

Belə ki, 2022-ci ildən sonra Rusiyadan Ermənistana qızıl ixracı artıb, paralel olaraq Ermənistandan BƏƏ və Honkonqa qızıl və zərgərlik məmulatlarının ixracı da eyni templə yüksəlib.

Müqayisə üçün qeyd olunur ki, 2021-ci ildə Ermənistandan ixrac edilən zərgərlik məhsullarının dəyəri cəmi 75 milyon dollar olub. Bu isə cəmi bir neçə il ərzində bu rəqəmin 1 milyard dollardan çoxa yüksəlməsinin real olub-olmaması ilə bağlı suallar yaradır.

Musavat.com

Chosen
31
musavat.com

1Sources