İtaliyada muzey 3 dəqiqəyə “təmizlənib”.
İnterpress.az xəbər verir ki, bu barədə “Rai News” məlumat yayıb.
İtaliyanın Parma şəhəri yaxınlığındakı Manıani-Rokka özəl muzeyindən ümumi dəyəri təxminən 9 milyon avro (təxminən 16 650 000 manat) olan üç məşhur rəssamın əsəri oğurlanıb.
Söhbət Renuarın “Balıqlar”, Sezannın “Albalı ilə natürmort” və Matissin “Terrasda odaliska” tablolarından gedir.
Polisin məlumatına görə, soyğunçuluq martın 22-dən 23-nə keçən gecə baş verib.
Kapüşonlu cinayətkarlar giriş qapısını sındıraraq içəri daxil olub, cəmi üç dəqiqə ərzində əməliyyatı həyata keçirib və bağ vasitəsilə hadisə yerindən uzaqlaşıblar.
Maraqlısı budur ki, oğurluq faktı hadisədən bir neçə gün sonra məlum olub. Bütün bu müddət ərzində muzey öz adi iş rejimində fəaliyyətini davam etdirib.
Xuraman Etibarlı
İnterpress.az