1918-ci ilin qanlı baharı: unudulmayan faciə, gecikən ədalət
31 Mart — Azərbaycanlıların Soyqırımı
1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində – Bakı, Şamaxı, Quba və digər ərazilərdə minlərlə günahsız insan amansızcasına qətlə yetirildi. Bu hadisələr tarixə 31 Mart Azərbaycanlıların Soyqırımı kimi həkk olundu.
Həmin dövrdə daşnak-bolşevik silahlı dəstələri dinc əhaliyə qarşı planlı qırğınlar törədərək kəndləri yerlə-yeksan etdi. İnsanlar yalnız milli və dini kimliyinə görə öldürüldü. Qadın, uşaq, qoca – heç kim bu vəhşilikdən kənarda qalmadı.
Şamaxıda yüzlərlə ev yandırıldı, Qubada isə bütöv kəndlər silindi. Bu, təkcə bir dövrün faciəsi yox, bir xalqın yaddaşına yazılan ağır iz idi.
2007-ci ildə Quba şəhəri yaxınlığında aşkarlanan kütləvi məzarlıq isə bu tarixin susmayan sübutuna çevrildi. Tapılan insan qalıqları, zorakılıq izləri göstərdi ki, bu hadisələr sadəcə iddia deyil, danılmaz həqiqətdir.
Biz zaman-zaman bağışladıq.
Sükut etdik.
Bəzən susmaqla böyüklüyümüzü göstərdik.
Amma tarix susmur.
Torpaq unutmur.
Hər iz, hər xatirə bizə bir şeyi xatırladır:
ədalət geciksə də, yox olmur. 31 Mart — bir tarixdən daha çoxudur. Bu gün, yaddaşın içində yaşayan həqiqətin adıdır.
İlahə Əliyeva
DOĞRU.AZ