Macarıstan XİN rəhbərinin telefonunun izlənməsi hökumətə qarşı ciddi hücum kimi qiymətləndirilib...
Poliqon xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkələrdə paylaşım edib. O, ölkənin xarici işlər naziri Peter Siyyartonun telefon danışıqlarının dinlənilməsi faktını “ağlasığmaz və qəbuledilməz” hal kimi dəyərləndirib və dərhal araşdırma aparılması üçün tapşırıq verib.
Baş nazir bildirib ki, hökumət üzvünün telefon danışıqlarının dinlənilməsi Macarıstana qarşı ciddi hücum hesab olunur. Onun sözlərinə görə, bu məsələ ilə bağlı ölkənin Ədliyyə Nazirliyinə dərhal araşdırma aparmaq tapşırılıb.
Viktor Orban jurnalistlərlə söhbətində əlavə edib ki, rəsmi iclaslarda bir çox məmurlar smartfonlardan istifadə edir və bu, məlumatların asanlıqla ötürülməsi və dinlənilməsi riskini artırır. O qeyd edib ki, belə hallarda məlumat ötürülməsinə ehtiyac belə qalmır, çünki maraqlı tərəflər onsuz da hər şeyi eşidə bilir. Orban həmçinin bildirib ki, özü rəsmi görüşlərə gedərkən təhlükəsizlik məqsədilə adi düyməli Nokia telefonundan istifadə edir.
Məsələ ilə bağlı “Mandiner” nəşri mənbələrə istinadən yazıb ki, Avropanın bəzi ölkələrinin kəşfiyyat orqanlarından biri Macarıstan XİN rəhbərinin telefonunu dinləyir. Digər tərəfdən, The Washington Post nəşrinin məlumatına görə, Peter Siyyarto Avropa İttifaqı iclasları zamanı fasilələrdə mütəmadi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edir.
Hadisə Avropa daxilində siyasi və təhlükəsizlik məsələləri ilə bağlı yeni müzakirələrə səbəb olub. Ekspertlər hesab edir ki, belə iddialar təsdiqlənərsə, bu, dövlətlərarası etimadın ciddi şəkildə zədələnməsinə gətirib çıxara bilər.
Poliqon.info