EN

SON DƏQİQƏ: Tramp geri addım atdı – “Müharibəni bitirməyə hazıram”

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı bağlı qalsa belə, İrana qarşı hərbi kampaniyanı başa çatdırmağa hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” və “Reuters” administrasiya nümayəndələrinə istinadən xəbər yayıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtonda belə qənaətə gəlinib ki, Hörmüz boğazını tam şəkildə hərbi yolla açmağa cəhd müharibəni xeyli uzada bilər. Bu səbəbdən Trampın əvvəlcə əsas hərbi məqsədlərə nail olub, daha sonra isə aktiv döyüş əməliyyatlarını mərhələli şəkildə dayandırmaq ssenarisinə üstünlük verdiyi qeyd olunur.

Söhbət əsasən İranın hərbi-dəniz imkanlarının zəiflədilməsi, raket potensialının azaldılması və bundan sonra Tehrana diplomatik təzyiqin artırılmasından gedir. Əgər İran güzəştə getməzsə, ABŞ Hörmüz boğazının açılması məsələsini Avropa və Fars körfəzi ölkələrindəki müttəfiqlərinin üzərinə yönləndirə bilər.

Ağ Ev daha əvvəl də bəyan etmişdi ki, Hörmüz boğazının tam açılması ABŞ-ın İrana qarşı əməliyyatında əsas məqsədlərdən biri deyil. Prioritetlər sırasında İranın hərbi-dəniz qüvvələrinin məhv edilməsi, raket və dron infrastrukturunun zəiflədilməsi, proksi qrupların imkanlarının məhdudlaşdırılması və Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınması göstərilib.

Hörmüz boğazı dünya enerji bazarı üçün ən mühüm marşrutlardan biri olaraq qalır və qlobal neft tədarükünün təxminən beşdə biri buradan keçir.
Müharibənin tam şəkildə başa çatdırılması ilə bağlı xəbərlər fonunda bazarlar artıq reaksiya verib – neft qiymətləri müəyyən qədər aşağı düşüb. Bununla belə, analitiklər enerji bazarları üçün risklərin hələ də qaldığını vurğulayırlar.

Yeni yanaşma göstərir ki, Tramp administrasiyası Hörmüz boğazında tam hərbi nəzarətə nail olmaqdan daha çox, münaqişəni mümkün qədər tez yekunlaşdırmağa üstünlük verir. Eyni zamanda, bu, regionda gələcəkdə təhlükəsiz gəmiçiliyin kim tərəfindən və necə təmin olunacağı sualını açıq saxlayır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
32
50
konkret.az

10Sources