Biləsuvar rayonunun ərazisində iri həcmli investisiyaların hesabına Günəş Elektrik Stansiyası tikilir. Vəsait əsasən “Masdar Azərbaycan” və “SOCAR Green” şirkətləri tərəfindən qoyulub. Tikintidə görülən işlər rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.
Biləsuvar Rayon İcra Hakimiyyətində Günəş Elektrik Stansiyasında tikinti işlərinin gedişi növbəti dəfə geniş müzakirə olunub. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “NVVEPDİ AZE” MMC-nin direktoru Du Ning, layihə meneceri Xue Jongfeng, tikinti-texniki departament meneceri Gülnara Gözəlova, sahə meneceri Abbas Bağırov və “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin tikinti meneceri Kamil Manafov layihə çərçivəsində yeni, ən müasir texnologiyaların tətbiq olunduğunu vurğulayaraq tikinti işlərinin mövcud vəziyyətini qiymətləndirib və qarşıda duran vəzifələri müzakirə ediblər. Həmçinin, inşaat proseslərinin sürətləndirilməsi və işlərin müəyyən olunmuş qrafikə uyğun tamamlanması məqsədilə müvafiq koordinasiya məsələləri razılaşdırılıb.
Qeyd edək ki, bu nəhəng enerji obyektinin işə düşməsi cənub bölgəsinin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək, rayonda yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri