EN

Psixoloq Elnur Rüstəmov: “İnsanın qərarvermə prosesinə yalnız bilik və intellekt deyil, emosional faktorlar da ciddi təsir göstərir”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çox ağıllı, zəkalı insanlar az pul qazanırlar? Çox ağıllı və ya yaxşı təhsilli insanların bir çoxu hərəkət qabiliyyəti baxımından məhdud olur. Çünki hər hansı bir mövzu ilə bağlı çoxlu araşdırma aparmağı sevdikləri üçün, əslində hərəkətə keçmirlər.

Çox oxumaq və araşdırmaq insanlarda fəaliyyətə keçmək qorxusunu artırır, çünki hər keçən gün daha çox risk görməyə başlayırsan. Hər şeydən çox, təhsillər insanlarda müvəffəqiyyətsizlik qorxusunu çox güclü edir. Məsələn, yaxşı təhsil almış bir insan ailəsinin yüksək gözləntiləri ilə böyüyüb, məktəbdə yüksək qiymətlər alıb və onun haqqında həmişə yaxşı danışılıb. Girişimcilik isə fərqlidir- orada etdiyin işin uğursuz olma ehtimalı var, pul itirmək riski var. Bu müvəffəqiyyətsizlik qorxusu onları çox basqı altına alır.

Uğursuzluq qorxusu və riskdən çəkinmə davranışı maliyyə və karyera qərarlarını məhdudlaşdıra bilərmi?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, insanlar adətən itkilərdən daha çox qorxurlar: “Bu mövzu həm psixologiya, həm də davranış iqtisadiyyatı baxımından çox maraqlı və mürəkkəb bir məsələdir. Bəzən cəmiyyətdə belə bir fikir formalaşır ki, çox ağıllı və ya yüksək təhsilli insanlar daha az pul qazanırlar. Əslində isə məsələ ağıllı olmaqdan çox, qərarvermə davranışları, riskə münasibət və fəaliyyət strategiyası ilə bağlıdır. Psixologiyada məlumdur ki, insanın qərarvermə prosesinə yalnız bilik və intellekt deyil, emosional faktorlar da ciddi təsir göstərir. Xüsusilə uğursuzluq qorxusu və riskdən çəkinmə davranışı bir çox insanın maliyyə və karyera imkanlarını məhdudlaşdıra bilir. İnsan nə qədər çox analiz edir, ehtimalları ölçür və riskləri hesablayırsa, bəzən bir o qədər də qərar verməkdə tərəddüd edir. Bu hal psixologiyada “analysis paralysis”, yəni həddindən artıq analiz nəticəsində fəaliyyətə keçə bilməmək kimi izah olunur.

Yüksək təhsilli və analitik düşüncəyə malik insanlar adətən riskləri daha aydın görürlər. Onlar bir qərarın mümkün uğursuzluq ehtimallarını, maddi itkiləri və sosial nəticələrini daha dərindən düşünürlər. Bu isə bəzən onları daha ehtiyatlı edir. Məsələn, sahibkarlıq fəaliyyətində və ya yeni biznes təşəbbüslərində risk faktoru yüksəkdir. İnsan investisiya qoyur, bazar qeyri-müəyyən olur, nəticə isə həmişə əvvəlcədən proqnozlaşdırıla bilmir. Belə şəraitdə riskə daha dözümlü olan insanlar daha tez qərar verib hərəkətə keçə bilirlər”.

Elnur Rüstəmov vurğulayıb ki, qorxu insanın potensialını məhdudlaşdıracaq səviyyəyə çatdıqda artıq inkişafın qarşısını alan psixoloji maneəyə çevrilir: “Davranış iqtisadiyyatı sahəsində aparılmış araşdırmalar da göstərir ki, maliyyə uğuru yalnız bilik və intellektlə deyil, həm də riskə münasibət, təşəbbüskarlıq və qərarvermə sürəti ilə əlaqəlidir. Məsələn, Nobel mükafatlı iqtisadçı Daniel Kahneman insan davranışının risk və itki qorxusu ilə necə formalaşdığını geniş şəkildə izah edib. İnsanlar adətən itkilərdən daha çox qorxurlar və bu qorxu bəzən onları potensial imkanlardan da uzaqlaşdırır. Uğursuzluq qorxusunun bir mühüm psixoloji səbəbi də sosial gözləntilərlə bağlıdır. Yüksək təhsilli və uğurlu hesab olunan insanlar ətraf mühitdən daha yüksək gözləntilərlə qarşılaşırlar. Onlar öz reputasiyalarını qorumaq istəyirlər. Bu səbəbdən riskli qərarlardan çəkinə bilirlər. Halbuki sahibkarlıq və innovasiya sahələrində uğursuzluq çox vaxt inkişafın təbii mərhələsi hesab olunur. Dünyanın tanınmış biznes liderlərinin bioqrafiyalarına baxdıqda görürük ki, onların əksəriyyəti uğurdan əvvəl bir neçə dəfə uğursuzluq yaşayıb. Digər tərəfdən, qeyd etmək lazımdır ki, yüksək təhsilli insanların az pul qazanması fikri tam doğru ümumiləşdirmə deyil. Çünki çoxlu nümunələr var ki, yüksək təhsil və elmi bilik biznes və innovasiya ilə birləşdikdə böyük iqtisadi uğurlar əldə olunur. Əsas fərq ondadır ki, bəzi insanlar biliklərini daha çox nəzəri sahələrdə tətbiq edir, bəziləri isə həmin bilikləri praktik və kommersiya yönümlü fəaliyyətə çevirə bilirlər.

Psixoloji baxımdan ən sağlam yanaşma risk və ehtiyatlılıq arasında balans yaratmaqdır. İnsan riskləri qiymətləndirməli, amma eyni zamanda fəaliyyətə keçməkdən qorxmamalıdır. Çünki inkişaf və uğur çox vaxt məhz qeyri-müəyyənlik zonasında baş verir. Qorxu insanı təhlükədən qoruyan faydalı emosiyadır, lakin bu qorxu insanın potensialını məhdudlaşdıracaq səviyyəyə çatdıqda artıq inkişafın qarşısını alan psixoloji maneəyə çevrilir. Nəticə olaraq demək olar ki, uğursuzluq qorxusu və riskdən çəkinmə davranışı həqiqətən də maliyyə və karyera qərarlarını məhdudlaşdıra bilər. Lakin əsas məsələ insanın nə qədər ağıllı və ya təhsilli olması deyil, həmin bilikləri necə tətbiq etməsi, risklə necə davranması və fürsətləri necə dəyərləndirməsidir. Müasir dünyada uğur çox vaxt bilik, təşəbbüs, emosional dayanıqlıq və risk idarəetməsi bacarıqlarının vəhdətindən yaranır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
bizimyol.info

1Sources