EN

31 Mart çağırışı: Tarixi unutsaq, gələcəyi də itirə bilərik

Martın 31-i təkcə təqvimdə qeyd olunan hüzn günü deyil, həm də milli yaddaşın, tarixi dərslərin və gələcək nəsillərə ötürülməli olan həqiqətlərin bir daha xatırlandığı gündür.

Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı çağırışlar fonunda cəmiyyətdə xüsusilə bir sual önə çıxır: gənc nəsildə milli mənlik şüuru və vətənpərvərlik hissləri yetərincə formalaşdırılırmı?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan xalqı tarix boyu dəfələrlə faciələr və ağır sınaqlarla üz-üzə qalıb:

“Bəlkə də dünyada Azərbaycan xalqı qədər tarix boyu faciələrə və müsibətlərə məruz qalan ikinci bir xalq yoxdur. Xalqımız müxtəlif dövrlərdə dəfələrlə ağır hadisələrlə üzləşib.

Deyirlər ki, tarix təkrarlanır. Tarix o zaman təkrarlanır ki, xalqlar ondan düzgün nəticə çıxarmır. Tarixi unudanlar isə çox amansız şəkildə cəzalandırılır. Bu baxımdan bizim üzərimizə böyük məsuliyyət düşür.

Hesab edirəm ki, biz yalnız ildə bir dəfə deyil, davamlı şəkildə faciəvi günləri və hadisələri xatırlamalı, bu istiqamətdə mütəmadi maarifləndirmə və təbliğat işləri aparmalıyıq. Təhsil sistemində 31 Martla bağlı müəyyən məlumatlar olsa da, bu yetərli deyil.

Ümumiyyətlə, bir millətin özünü dərk etməsi, keçmişini unutmaması üçün tarixini dərindən bilməsi və anlaması çox vacibdir. Buna görə də bu məsələyə həssas yanaşmalı, məktəblərdə bu istiqamətə daha çox önəm verilməlidir”.

Deputat qeyd edib ki, müasir dövrdə ideoloji və informasiya təsirləri gənclərin düşüncəsinə ciddi təsir edir:

“Bu gün əsas problemlərdən biri də gənclərin vətənpərvərlik hissləri ilə bağlıdır. Müasir dövrdə artıq silahların deyil, düşüncələrin müharibəsi gedir. Sosial media bu prosesdə çox ciddi rol oynayır və gənclərin dünyagörüşünə birbaşa təsir edir.

Qloballaşma fonunda sosial mediada aparılan təbliğat daha çox “universal” gənc modeli formalaşdırmağa yönəlib. Bu isə milli dəyərlərin arxa plana keçməsinə səbəb olur. Təəssüf ki, bayağı musiqilər, yanlış həyat tərzləri və təhrif olunmuş nümunələr gənclərin düşüncəsinə mənfi təsir göstərir.

Bu proses bizi ciddi narahat etməlidir. Əgər bu şəkildə davam edərsə, gələcəkdə gənclərin vətənpərvərlik hisslərinin zəifləməsi qaçılmaz olacaq və bu da cəmiyyət üçün ciddi problemlər yarada bilər”.

Mən parlamentdə çıxışım zamanı da qeyd etmişdim ki, milli-mənəvi dəyərlərin qorunması və inkişafı ilə bağlı mütləq şəkildə xüsusi proqram və ya qanun qəbul edilməlidir. Əks halda, prosesin bizim əleyhimizə işlədiyinin daha aydın şahidi olacağıq”.

C.Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması istiqamətində sistemli dövlət proqramına ehtiyac var:

“Müasir dövr çox həssas və mürəkkəb dövrdür. Kiçik xalqların və mədəniyyətlərin sıradan çıxarılması üçün müxtəlif təsir mexanizmləri mövcuddur. Bu səbəbdən biz gecikmədən hərəkətə keçməliyik.

Əgər bu istiqamətdə ciddi və sistemli iş aparılmasa, gələcəkdə bizi daha çətin sınaqlar gözləyə bilər. Ona görə də davamlı təbliğat, sistemli fəaliyyət və məqsədyönlü tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Əsmətxanım Rzazadə

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Chosen
20
yenisabah.az

1Sources