Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final qarşılşamaları baş tutacaq. Türkiyə millisi səfərdə Kosovo ilə görüşəcək.
Matç ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən "CBC Sport" kanalının aparıcısı, tanınmış futbol eksperti Elçin Cəfərov bildirdi ki, Kosovo-Türkiyə matçı Türkiyə üçün 24 ildən sonra çox önəmli bir fürsət yaradır. Onun sözlərinə görə, 2002-ci il dünya çempionatında Türkiyə futbolçuları o dövr üçün son illərin ən yaxşı yığması adlandırılırdı:
"İndi də 24 ildən sonra hazırkı milli komanda son dövrlərin ən yaxşı nəsil futbolçularının cəmləşdiyi Türkiyə millisi kimi dəyərləndirilir. Təbii ki, rəqib nə Fransadır, nə İngiltərə və yaxud da İspaniya və sairədir. Rəqib Kosovadır. Yəni necə olursa olsun, öz təcrübən və keyfiyyət fərqinlə rəqibini üstələmək lazımdır. Finallara vəsiqə qazanmaq üçün bu, mütləq şəkildə tələb olunur. Kosovo millisi taktiki və texniki cəhətdən, həm də oyun düsturu baxımından çox nizam-intizamlı kollektivdir. Xüsusilə müdafiədən topu oyuna daxil etmə, kollektiv şəkildə hücuma çıxma və kollektiv şəkildə müdafiə olunma baxımından yaxşı təsir bağışlayırlar. Cinah oyunlarına üstünlük verirlər və onlar üçün ən önəmli oyunçu hücumun mərkəzində yer alan Vedat Muriqidir ki, o, Türkiyə futboluna da yaxından bələddir".

Müsahibimiz həmçinin əlavə etdi ki, Türkiyə millisi son vaxtlar çox önəmli nəticələr əldə etməsinə baxmayaraq, nəticə baxımından istəniləni vermədiyi üçün Montella normal oyunun və tempin olmamasına görə ciddi şəkildə tənqid olunur:
"Lakin o, nəticə əldə etməyi bacarıb. Avropa çempionatının final mərhələsinə vəsiqə, Millətlər Liqasından sonra daha yüksək səviyyəyə yüksəlmə kimi nəticələr buna nümunədir. Türkiyə yığması üçün ən böyük çatışmazlıq mərkəzdə klassik 9 nömrənin olmamasıdır. Bu, hücum fazasında topun daha çox irəlidə qalmasına imkan verən göstəricini azaldır. Kərəm Aktürkoğlu oynayır, Barış Alper bəzi məqamlarda çıxış edir, lakin onlar “yalançı 9 nömrə” rolundadır və klassik 9 nömrə deyillər. Buna görə Türkiyənin oyun şablonu bəzən 4-6-0, bəzən isə 4-5-1 kimi xarakterizə olunur.
Amma bir reallıq var ki, hazırkı yarımmüdafiənin mərkəzində yer alan oyunçular keyfiyyət baxımından Avropanın önəmli klublarında forma geyinirlər. Komanda üçün ən önəmli silahlar Kənan Yıldız, Arda Gülər və Hakan Çalhanoğludur. Bu oyunçu triosundan çox şey gözlənilir. Buna görə də rəqib çətin matç olsa belə, Türkiyə yığması üçün mühüm fürsət yaranır. Hər hansı üsulla, təmkinli oynamaq və təcrübəli futbolçuların fərdi keyfiyyətlərinə güvənmək hesabına bu matçdan qalib ayrılmaq vacibdir. Əlavə vaxta getmək ehtimalı və penalti seriyası da mümkündür, lakin rəqib Kosovo olduğu üçün oyunçu dəyəri nisbətən aşağıdır. Oyun planı baxımından rəqib bir qədər üstün görünə bilər, amma keyfiyyət və bəzi məqamlarda təcrübə hesabına bu fərqi aradan qaldırmaq mümkündür. Çətin olsa da, Türkiyə yığmasının final mərhələsinə vəsiqə qazanacağına inam yüksəkdir. Bu gün də usta ayaqlar meydana çıxaraq Türkiyəni Amerikaya aparacaq".
Nuriyyə NATİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.