EN

Zəmanə gəncləri: Onların həyatını kim idarə edir?

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda gənclərin həyat tərzi son illərdə əhəmiyyətli dərəcədə dəyişib.

Sosial media, texnologiya və karyera hədəfləri onların gündəlik seçimlərini, dostluq münasibətlərini və vaxt bölgüsünü formalaşdırır.

Əvvəlki nəsillərlə müqayisədə daha fərqli dəyərlərə önəm verən gənclərin bu yeni həyat ritmi cəmiyyətdə maraq və müzakirələr doğurur. Bu dəyişikliklər həm qlobal trend, həm də müasir dövrün tələbləri ilə bağlıdır.

Sosioloq Hüseyn İbrahimov “Cebheinfo.az”-a bildirib ki, son dövrlər Azərbaycanda gənclərin yaşayış tərzində nəzərəçarpan dəyişikliklər var:

“Bu dəyişikliklərə əsas səbəblərdən biri də sosial mediadır. Məhz sosial media gənclərin həyat tərzinə və davranışlarına ciddi təsir göstərir. Sosial medianın təsiri xüsusilə gənclərin şəxsiyyətinin və dünyagörüşünün formalaşdığı dövrdə daha qabarıq hiss olunur.

Bu dəyişikliklər onların gələcək həyat mövqelərinə də təsir edir. Sosial şəbəkələr və rəqəmsal mühit gənclərin sosial həyatına və düşüncə tərzinə ən çox təsir edən amillərdəndir.

Rəqəmsal mühit geniş anlayışdır. “Rəqəmsal asılılıq” və “rəqəmsal inkişafdan bəhrələnmək potensialı” fərqli məfhumlardır. Rəqəmsal inkişafdan faydalanmaq hər bir gənc üçün vacibdir, lakin burada asılılığa düşməmək əsas şərtdir. Təəssüf ki, həm ölkəmizdə, həm də dünyada gənclər daha çox rəqəmsal asılılığın təsiri altına düşürlər.

Bir çox ölkələrdə bu səbəbdən yeniyetmələrin, xüsusilə azyaşlıların bəzi sosial şəbəkələrə çıxışına məhdudiyyətlər tətbiq olunur. Ölkəmizdə də bununla bağlı müəyyən qaydalar mövcuddur.

Orta təhsil müəssisələrində süni intellekt texnologiyaları və ümumilikdə elektron, rəqəmsal asılılığın qarşısını almaq üçün nəzarət mexanizmlərinin yaradılması nəzərdə tutulur. Bu məsələdə ailə institutunun da rolu böyükdür, lakin bunun üçün ailə institutu daha da inkişaf etməlidir”.

O bildirib ki, əvvəllər gənclər daha çox ailə qurmağa meyilli idisə, bu gün onlar karyera qurmağa, sosial cəhətdən təmin olunmağa və ailə asılılığından azad olmağa üstünlük verirlər:

“Bu kimi dəyişikliklər gələcəkdə onların inkişafına müsbət təsir göstərə bilər. Bu gün gənclər üçün digər prioritetlər də mövcuddur. Bunlara xaricdə təhsil almaq, xaricdə yaşamaq və s. daxildir.

Müasir, qloballaşan dünyada bu tendensiyalar bir tərəfdən müsbət qiymətləndirilsə də, digər tərəfdən gələcəkdə insan kapitalının azalması kimi problemlər yarada bilər.

Hazırda Azərbaycanda tibb sahəsində çox sayda gənc xaricdə, xüsusilə Almaniyada çalışır. Statistik baxımdan isə həm şəhərlərdə, həm də regionlarda müasir avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri mövcuddur.

Lakin xaricdə təhsil almış həkimlərə bu müəssisələrdə az rast gəlinir. Daha məqsədəuyğun olardı ki, xaricdə təhsil alan gənclər öz potensiallarını ölkənin inkişafı üçün də istifadə etsinlər.

Xaricdə təhsil məsələsi bütün dünyada aktualdır. Lakin bəzən bu seçim zərurətdən deyil, sosial tendensiyadan irəli gəlir. Belə ki, bəzi gənclər elə ixtisaslar üzrə xaricdə təhsil alırlar ki, həmin ixtisaslar üzrə ölkəmizdə də kifayət qədər imkanlar mövcuddur. Bəzən onlar bunu nəzərə almadan xaricdə təhsili seçirlər”.

Sosioloq qeyd edir ki, gənclərin prioritetlərini daha düzgün müəyyən etməsi üçün mərkəzləşdirilmiş karyera mərkəzlərinin yaradılmasına ehtiyac var:

“Çünki gənclərin seçimləri bəzən fərdi və plansız xarakter daşıyır. Hətta bəzən xaricdə təhsil alsalar belə, sonradan yenidən ölkədə təhsil almaq üçün imtahan verirlər. Bu baxımdan dəyişən dünya reallıqları fonunda düzgün prioritet seçimi mühüm əhəmiyyət kəsb edir.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

gənclər Hüseyn İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
33
cebheinfo.az

10Sources