ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Son illərdə beynəlxalq iqtisadi sistemdə baş verən dəyişikliklər beynəlxalq ticarətdə valyuta balansının tədricən yenidən formalaşmasına gətirib çıxarıb. Xüsusilə Rusiya ilə Çin arasında iqtisadi əlaqələrin genişlənməsi və dolların payının azalması artıq aktual tendensiyaya çevrilib. Bu proses iki ölkə arasında ticarət mexanizmini dəyişməklə yanaşı, həm də dolların beynəlxalq gücü və nüfuzuna dair suallar yaradır.
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya–Çin ticarət dövriyyəsi son illərdə sürətlə artaraq 2021-ci ildəki 147 milyard dollardan 2023-cü ildə 240 milyard dollara, 2024-cü ildə isə 245 milyard dollara yaxın səviyyəyə çatıb: “2025-ci ildə isə son beş ildə ilk azalma qeydə alınaraq həcm 228,1 milyard dollara düşüb. Səbəb isə Çin avtomobillərinə tələbatın zəifləməsi və neft qiymətlərinin enməsidir. Buna baxmayaraq, 2026-cı ilin ilk iki ayında ticarət 39,04 milyard dollar təşkil edərək illik müqayisədə 12% artım göstərib. Eyni zamanda, hesablaşmalarda da ciddi dəyişiklik baş verib. Əməliyyatların təxminən 95%-i yuan və rubl ilə aparılır ki, bu da dolların əvvəlki dominant rolunun zəiflədiyini açıq-aşkar göstərir. Qərb sanksiyaları nəticəsində Rusiya dollar və avro ilə əməliyyat imkanlarını məhdudlaşdırıb, alternativ mexanizmlərə keçidi sürətləndirib. Moskva birjasında yuanın payının 45–50%-ə qədər yüksəlməsi, həmçinin Çin banklarının Rusiya ilə hesablaşmalarda daha fəal iştirak etməsi bu valyutanın regional dövriyyədə mövqeyinin gücləndiyini göstərir. Eyni zamanda, milli valyutalarda hesablaşmalar Pekin üçün strateji əhəmiyyət daşıyır və yuanın beynəlxalq valyutaya çevrilməsinin praktik sınağı kimi çıxış edir”.
Əli Səlimov
“ABŞ dolları hələ də dünya ehtiyat valyutalarının 58–60%-ni təşkil edir və beynəlxalq ödəniş sistemlərində əsas rol oynayır. Bununla belə, Rusiya–Çin modelinin inkişafı, eləcə də SWIFT-dən kənar alternativ ödəniş mexanizmlərinin tətbiqi dolların uzunmüddətli dominantlığını tədricən zəiflədə bilər. Bir neçə iri iqtisadi blokun milli valyutalarla hesablaşmalara yönəlməsi dolların “yeganə beynəlxalq valyuta” statusuna xələl gətirə bilər”-deyə iqtisadçı vurğulayıb.
Əli Səlimov qeyd edib ki, yuanın beynəlxalq ödəniş sistemində payı hazırda 3–4% səviyyəsindədir, bu da dolların 40%-dən çox payı ilə müqayisədə hələ ki xeyli aşağıdır: “Rusiya ilə ticarətdə milli valyutaların istifadəsi bu payın tədricən artmasına zəmin yaradır. Digər tərəfdən, sanksiya riskinə məruz qalan ölkələr də milli valyutalarda hesablaşmalara yönələ bilər. Bu da beynəlxalq ticarət və maliyyə sistemində dolların dominant mövqeyinə təzyiq yarada bilər”.
İqtisadçının fikrincə, yaxın 3–5 il ərzində Rusiya–Çin ticarətində milli valyutaların payı daha da arta bilər və bu model digər ölkələr tərəfindən də qismən tətbiq edilə bilər: “Dolların beynəlxalq dominantlığının sürətlə sarsılacağı ehtimalı hələ də aşağıdır. Yuanın tam konvertasiya olunmaması, kapital hərəkətlərinə tətbiq olunan məhdudiyyətlər bu prosesin sürətini məhdudlaşdırır.
Ümumiyyətlə, bütün bu proseslər beynəlxalq maliyyə sistemində dərhal dönüş yaratmasa da, uzunmüddətli perspektivdə daha çox çoxvalyutalı və paralel mexanizmlər üzərində qurulan yeni iqtisadi strukturun formalaşmasına zəmin hazırlayır. Nəticədə, beynəlxalq maliyyə sistemində dolların dominantlığı tədricən zəifləyə bilər, lakin onun beynəlxalq nüfuzu hələ uzun müddət qorunacaq”.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.