ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Təbii ki, infrastrukturun inkişafı, genişləndirilməsi, eyni zamanda güclü yağıntılara hazır olması olduqca vacibdir. Bu, eyni zamanda infrastrukturun, xüsusən də suötürmə infrastrukturunun hansı istiqamətdə təkmilləşdirilməsi məsələlərini bir daha gündəmə gətirir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov ötən günlərdə ölkənin bir sıra ərazilərinə yağan güclü yağışların yaratdığı fəsadlardan danışarkən qeyd etdi.
Millət vəkili vurğuladı ki, güclü yağışlar istisna deyil:
"Son illər yalnız Azərbaycanda deyil, eyni zamanda bir sıra Avropa ölkələri daxil olmaqla regionda mütəmadi və normadan artıq yağıntıları müşahidə edirik. Bu isə ondan xəbər verir ki, normadan artıq yağıntılar üçün infrastrukturun daha da inkişaf etdirilməsinə və bu istiqamətdə çatışmazlıqların dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Çatışmazlıqların müəyyənləşdirilməsi və infrastrukturun inkişaf etdirilməsi nəticə etibarilə növbəti dövrlərdə və ya potensial ola biləcək normadan artıq yağıntılar zamanı belə su daşqınlarının qarşısını almış olar".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.