ABŞ quru əməliyyatına başlamaqla özünü növbəti bataqlığa sala bilər; Bakının adını müharibə ssenarilərində hallandırmaq kimlərin marağındadır?
İrana qarşı quru əməliyyatlarının ola biləcəyi haqda iddialar getdikcə daha çox ciddilik qazanır. Dünyanın nüfuzlu nəşrləri də ABŞ və İsrailin yeni hərbi plan hazırladığını iddia edir. “Tehran Times” yazıb ki, İrana qarşı mərhələli hücum ssenarisini əhatə edir və əsas diqqət quru əməliyyatına yönəlib. Bildirilir ki, 9 min nəfərlik xüsusi təyinatlı qüvvənin iştirakı ilə həyata keçiriləcək əməliyyat üç istiqamətdən - şimal-qərb, cənub-şərq və Bəhreyn xətti üzrə aparılacaq. Məlumata əsasən, hücum çərçivəsində İranın strateji hava limanları əsas hədəf kimi seçilib. Bəndər Abbas, Kirmanşah, Təbriz və Urmiya şəhərlərində yerləşən hava limanlarına enişlərin planlaşdırıldığı iddia olunur.
Rusiyanın “Svobodnaya pressa” (SP) nəşri isə yazır ki, NATO ölkələrindən olan təqaüdçü generallar yekdilliklə deyirlər ki, İrana desant çıxarılması çoxlu qan tökülməsinə səbəb olacaq. “SP” iddia edir ki, İrana qoşun çıxarmağın iki variantı var. Hər ikisi quruda yerləşir və hər ikisi İranın şimalındadır: “Bunlar Türkiyə və Azərbaycan marşrutlarıdır. Birinci ssenari Türkiyə vasitəsilə İran Kürdüstanına qoşun yeritməyi əhatə edir”.
Keçmiş ABŞ ordusu zabiti Stanislav Krapivnikin nəşrə açıqlamasında deyib ki, bu marşrutla xeyli sayda qoşun İrana keçə bilər. “Lakin türklər bu seçimdən açıq şəkildə narahat olacaqlar, çünki İran kürdləri öz "xidmətləri" müqabilində müstəqillik tələb edə bilərlər ki, bu da öz kürdləri ilə çoxlu problemləri olan Ankara üçün “qırmızı xətt”dir. İkinci problem həm də uzun logistikadır", - deyə o bildirib. Krapivnikin nəşrə dediyinə görə, başqa bir yol Azərbaycandan keçir: “Amerikalılar Azərbaycanda tez bir zamanda hava limanları yarada, qüvvələrini artıra və fasiləsiz təchizat təmin edə bilərlər. 690 km uzanan İran-Azərbaycan sərhədi 44 kilometrlik Ermənistan "pazı" (söhbət Zəngəzur dəhlizindən gedir - red.) ilə ayrılmış iki hissədən ibarətdir".
Ekspert Azərbaycanı hədəfə alaraq bunları iddia edib: “2026-cı ilin fevral ayında ABŞ vitse-prezidenti Vensin Bakıya səfəri zamanı hərbi-texniki əməkdaşlığa yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu xartiyaya əsasən, Xəzər dənizinin ərazi sularını qorumaq üçün patrul gəmiləri artıq gətirilib”. Ekspert irəli gedərək hətta İranın mümkün reaksiyasını da təsvir edib: “İşğalın "Azərbaycan variantı"nın mənfi tərəfi odur ki, İran da boş oturmayacaq. Çox güman ki, qabaqlayıcı zərbələr endirəcək. Bu o deməkdir ki, Azərbaycan müharibəyə cəlb olunacaq və ölkə iqtisadiyyatının onurğa sütunu olan neft yataqlarını təhlükəyə atacaq".
Qeyd edək ki, Rusiya mediası tez-tez regiondakı gərginlikdən istifadə edərək Azərbaycanın adını hallandıraraq, bu cür “ssenari yazmaqla” məşğul olur. Azərbaycanı regiondakı müharibə planlarının mərkəzinə çəkmək isə ictimai rəydə narahatlıq yaradır. Yəni bəllidir ki, iddia olunanlar fakt yox, qərəzli ehtimallardır. Belə materiallar Tehrana mesaj xarakteri daşıya bilər: guya Bakı ABŞ-İsrailin İrana qarşı quru əməliyyat planlarında iştirak edə bilər. Bu da iki ölkə arasında inamsızlıq yaratmaq və münasibətləri gərginləşdirmək cəhdidir.

Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, ABŞ quru əməliyyatına başlamaqla özünü növbəti bataqlığa sala bilər. Birləşmiş Ştatların daha əvvəl Vyetnam, Əfqanıstan və İraq sindromları ilə üzləşdiyini deyən siyasi şərhçinin fikrincə, belə bir qərar gözləmir: “Hətta quru əməliyyatlarına başlamaq qərarı olsa belə uğur qazandırmayacaq. Çünki amerikalılar Vyetnam və Əfqanıstandan biabırçı şəkildə çıxmalı oldu. Vyetnamda amerikalı diplomatlar səfirlik binasını belə tərk edə bilmirdi, helikopter yerə eniş etməmiş havada onları götürmək məcburiyyətində qalmışdı. Əfqanıstandan da necə qaçdıqları gözümüzün qarşısında baş verib, yəni uzaq tarix deyil. Bizim sülhməramlı əsgərlər həmin dövrdə mühüm missiya yerinə yetiriblər. Ona görə İrana qarşı quru əməliyyatı qərarı ABŞ üçün ciddi səhv olardı. Məncə, bu informasiyaları yaymaqla "əzələ nümayişi"nə cəhd edilir".
X.Bəşirov Azərbaycan ərazilərindən quru əməliyyatı üçün istifadə oluna biləcəyi haqda iddiaları isə absurd hesab edir. Onun sözlərinə görə, Azərbaycan ərazilərindən İrana yalnız humanitar yardım göndərilməsi üçün istifadə olunması mümkündür: “Necə ki, Rusiya humanitar yardım göndərib və Astara sərhəd-keçid məntəqəsindən qonşu dövlətə çatdırılıb. Eyni zamanda Azərbaycan da İrana humanitar yardım edib. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı hər nə qədər Tehranın siyasətindən narazı qalmağa əsaslı haqqımız olsa da, Azərbaycan heç vaxt platsdarm olmayacaq. Sadəcə, Azərbaycanı gözdən salmaq və şərləmək niyyəti güdən dezinformasiyalardır”.

Ramil Məmmədli
Hərbi təhlilçi Ramil Məmmədli ABŞ desantlarının Xarq adasına daxil olmasını istisna etməsə də, bu əməliyyatın ciddi itkilərə səbəb olacağını proqnozlaşdırır. Onun zənnincə, ABŞ havadan zərbələr endirməyə üstünlük verir və quru qoşunlarının İrana soxulması işğalçı mahiyyət daşımasına gətirib çıxaracaq: “Amma İran Suriya, İraq və Əfqanıstan olmadığını göstərir. Üstəlik, Çin və Rusiyadan ciddi dəstək alır. Həmçinin İraqda silahlı şiə hərəkatları, Yəmən husiləri və Livanda "Hizbullah" hazırda İsrailə cavab zərbələri endirir. Ona görə İranın təkləndiyini də düşünmürəm. Quru əməliyyatlara başlanması canlı qüvvə itkisi deməkdir. Amerikalılar əsgərlərinin İranda ölməsini istəməzlər. Nəzərə alaq ki, İran ordusunda kifayət qədər canlı qüvvə var və dünyanın 12-ci böyük ordusu sayılır".
Hərbi şərhçi qeyd edib ki, İran ordusunda 1 milyona yaxın canlı, 650 min ehtiyat qüvvə var: “Habelə, hərbi dəniz qüvvələrinin sayı 50 min civarındadır. Desant hücum gəmilərinin sayı 130-dan yuxarıdır. Bundan əlavə, əgər quru əməliyyatı başlanarsa, orduya dəstək üçün könüllü qoşulmaq istəyənlər olacaq. Artıq bu, ideoloji məsələyə çevriləcək. Məncə, Tramp daha bir strateji səhvə getməyəcək. Baxmayaraq ki, İran parlamentinin sədri adalardan birinin işğalına hazırlıq getdiyini açıqlayıb. Amma bunu əsəb müharibəsinin bir elementi kimi dəyərləndirirəm”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”