EN

74 min il əvvəl baş verən supervulkan püskürməsi insanları məhvə sürükləyib

Toba vulkanının püskürməsi qlobal iqlimi dəyişib və çox az insan uyğunlaşaraq sağ qala bilib...

Poliqon xəbər verir ki, ABŞ-nin Ostin şəhərində yerləşən Texas Universitetinin alimləri təxminən 74 min il əvvəl baş vermiş Toba supervulkan püskürməsinin insan populyasiyasına təsirini araşdırıblar. “Nature” jurnalında dərc olunan tədqiqatda bildirilir ki, bu hadisə Yer üzündə insanların sayının kəskin azalmasına səbəb olub.

Araşdırma çərçivəsində alimlər Efiopiyanın şimal-qərbində yerləşən Şinfa-Metema-1 qədim yaşayış məntəqəsini tədqiq ediblər. Burada aşkar edilən daş alətlər, heyvan sümükləri və ocaq izləri göstərir ki, insanlar güclü vulkan püskürməsindən sonra da həmin ərazidə yaşamlarını davam etdiriblər.

Tədqiqatçılar yaşayış məntəqəsini vulkan hadisəsi ilə əlaqələndirmək üçün çöküntü qatlarında tapılan mikroskopik vulkanik şüşə hissəciklərini – kriptotefraları analiz ediblər. Bu hissəciklərin kimyəvi tərkibi Toba vulkanının püskürməsi zamanı yaranan kül ilə üst-üstə düşüb.

Əlavə olaraq, dəvəquşu yumurtası qabıqlarının analizi göstərib ki, püskürmədən sonra iqlim daha quraq olub. Çayların su səviyyəsi aşağı düşüb, quraqlıq güclənib və qida ehtiyatları kəskin azalıb.

Alimlərin fikrincə, bu çətin şəraitdə insanlar qidalanma strategiyalarını dəyişməyə məcbur olublar. Əvvəllər əsasən antilop, meymun və digər heyvanları ovlayan insanlar daha çox balıq ovlamağa başlayıblar. Tapılan sümüklərin analizi göstərir ki, balığın payı 14 faizdən 52 faizə qədər artıb. Çayların dayazlaşması balıq ovunu asanlaşdırıb.

Bundan başqa, kiçik üçbucaqlı daş ucluqların tapılması insanların ox və yaydan istifadə etdiyini göstərir. Bu silahlar az qida şəraitində daha sürətli və kiçik heyvanların ovlanmasına imkan verirdi.

Alimlər hesab edirlər ki, insanların sağ qalmasında texnoloji bacarıqlarla yanaşı, onların hərəkətliliyi də mühüm rol oynayıb. Resurslar tükəndikcə onlar çay vadiləri boyunca hərəkət edərək yeni qida mənbələri axtarıblar.

Tədqiqatın nəticələri göstərir ki, Toba püskürməsi bəşəriyyət üçün ciddi təhlükə yaratsa da, insanların tam məhvinə səbəb olmayıb. Əksinə, bu hadisə onların uyğunlaşma qabiliyyətini gücləndirib və gələcəkdə yaşamaq üçün yeni bacarıqlar qazandırıb.

Poliqon.info

Chosen
32
15
poliqon.info

10Sources