Üç il əvvəl keçmiş sevgilisi tərəfindən qətlə yetirilən 29 yaşlı italyan model Pamela Geninin məzarı naməlum şəxslər tərəfindən qarət edilib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, dəhşətli hadisə zamanı məşhur modelin başı kəsilərək oğurlanıb.
Skandal fakt gənc qadının nəşinin müvəqqəti məzardan ailə qəbiristanlığına köçürülməsi zamanı üzə çıxıb.
Dəhşətli hadisə İtaliyanın Berqamo vilayətindəki Strossa qəbiristanlığında baş verib.
23 mart 2026-cı il tarixində Geninin cənazəsinin ailə məzarlığına köçürülməsi üçün tabut açılarkən işçilər qeyri-adi vəziyyətlə qarşılaşıblar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, tabutun vintləri sökülüb, cəsədin başı kəsilərək götürülüb və izləri itirmək üçün tabut yenidən silikonla bağlanıb.
Berqamo Prokurorluğu tərəfindən başladılan təhqiqatda ağır beton qapağın qaldırılması və işin gizli saxlanılması cəhdləri nəzərə alınaraq, hadisənin ən azı 3 və ya 4 nəfər tərəfindən törədildiyi ehtimal olunur. Cinayətkarların məzarı əvvəlki vəziyyətinə qaytarmağa çalışdıqları, lakin boş qalmış bir vint və tabutun qeyri-dəqiq yerləşdirilməsi səbəbindən hadisənin üstünün açıldığı bildirilir.
Xatırladaq ki, Pamela Genini 2025-ci ilin oktyabr ayında Milandakı mənzilində onu aylarla təqib edən 52 yaşlı keçmiş sevgilisi Canluka Sonçin tərəfindən bıçaqlanaraq öldürülmüşdü. Qatil hazırda həbsdədir və məhkəməsini gözləyir. Jandarma qüvvələri hazırda qəbiristanlığın təhlükəsizlik kameralarını və ailənin əvvəllər aldığı təhdidləri araşdırır.
İtaliya rəsmiləri "meyitə qarşı hörmətsizlik və oğurluq" maddələri ilə 7 ilə qədər həbs cəzası tələbi ilə istintaqı dərinləşdirir. Bu hadisədən sarsılan Genini ailəsi ölkədə qəbiristanlıqların mühafizəsinin gücləndirilməsini tələb edir.
Musavat.com