EN

Universitetlərin Bakıdan köçürülməsi üçün hazırlıqlara başlanıldı – Siyahıda hansılar var?

Bakıda yerləşən ali təhsil müəssisələrinin başqa rayon və şəhərlərə köçürülməsi uzun illərdir müzakirə olunur. Məsələ həllini tapmasa da, gündəmdən də çıxmır. Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında paytaxtda fəaliyyət göstərən universitetlərin bir qisminin bölgələrə köçürülməsi və ya regionlarda yeni ali təhsil ocaqlarının yaradılması istiqamətində təhlillərin aparılmasının vacibliyi vurğulanıb. Bu yanaşma həm Bakıdakı sıxlığın azaldılması, həm də regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Bəs hazırda bu məsələyə baxılırmı? Hansı təkliflər hazırlanır?

Elm və Təhsil Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavabında bildirilib ki, bu istiqamətdə müxtəlif təhlillər aparılır və aidiyyəti dövlət qurumları ilə birgə mümkün yanaşmalar nəzərdən keçirilir.

“Hər hansı qərar qəbul edilərsə, ictimaiyyətə rəsmi məlumat veriləcək”, – nazirlikdən qeyd olunub.

Təhsil eksperti Ramin Nurəliyev isə “Yeni Sabah”a açıqlamasında deyib ki, sözügedən layihə Bakıda infrastrukturun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər planının bir hissəsidir. Onun sözlərinə görə, şəhərin mərkəzində yerləşən ali təhsil müəssisələrinin şəhər kənarına köçürülməsi, Bakıda nəqliyyat sıxlığının azaldılmasına və ümumi yüklənmənin qarşısının alınmasına mühüm təsir göstərə bilər:

“Xüsusilə, şəhərin mərkəzində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universiteti kimi böyük ali təhsil ocaqlarının mərhələli şəkildə şəhər kənarına köçürülməsi məqsədəuyğun hesab olunur. Beynəlxalq təcrübəyə nəzər saldıqda, xüsusilə qardaş Türkiyədə universitetlərin şəhərdən kənarda geniş ərazilərdə kampus formatında təşkil edildiyini görürük. Bu kampuslarda fakültələr, yataqxanalar, laboratoriyalar və digər zəruri infrastruktur vahid məkanda cəmləşir”.

Ekspert vurğulayıb ki, belə bir yanaşma tələbələrin daha rahat və keyfiyyətli təhsil almasına şərait yaradır, eyni zamanda xarici tələbələrin cəlb olunmasına da müsbət təsir göstərir. R.Nurəliyevin fikrincə, kampus daxilində yataqxana sisteminin qurulması tələbələrin yaşayış problemini də həll edir və universitetlərin beynəlxalq rəqabət qabiliyyətini artırır:

“Layihənin maliyyə tərəfinə gəldikdə isə, bu istiqamətdə ciddi vəsait tələb olunacağı şübhəsizdir. Lakin dövlət tərəfindən belə bir təşəbbüs irəli sürülərsə, planlaşdırma, maliyyələşdirmə və icra mexanizmlərinin əvvəlcədən nəzərə alınacağı ehtimal olunur. Bu proses mərhələli şəkildə həyata keçirilə bilər və ilk olaraq şəhərin mərkəzində yerləşən universitetlərdən başlanması daha məqsədəuyğun olar”.

Ramin Nurəliyev, həmçinin, qeyd edib ki, universitetlərin şəhər kənarına köçürülməsi yalnız paytaxtın nəqliyyat yükünü azaltmaqla kifayətlənməyəcək, eyni zamanda həmin ərazilərin sosial-iqtisadi inkişafına da təkan verəcək:

“Məsələn, universitetlər Suraxanı, Sabunçu və ya digər kənar ərazilərə köçürüldüyü təqdirdə, həmin bölgələrdə infrastruktur inkişaf edəcək, yeni iş yerləri açılacaq və ümumi iqtisadi aktivlik artacaq. Yeni kampusların tikintisi müəyyən vaxt tələb edə bilər və bu prosesin 2-3 il davam etməsi real görünür. Lakin nəticədə müasir standartlara cavab verən, tam infrastrukturla təmin olunmuş ali təhsil müəssisələrinin formalaşması mümkün olacaq. Bu kampuslarda tələbələrin təhsil alması, yaşaması və elmi fəaliyyətlə məşğul olması üçün bütün şərait yaradılacaq”.

Chosen
4
4
veteninfo.az

5Sources