Globalinfo.az-a danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ramzan Kadırovun bu açıqlaması onun nəzarətdən çıxdığını bir daha göstərir:"Onun bu mövqeyini ilk növbədə antiamerikan yanaşma ilə izah etmək olar. Digər tərəfdən, bu, Kadırovun özünə lider hesab etdiyi Rusiya Prezidenti Vladimir Putinin xarici siyasət xətti ilə ziddiyyət təşkil edir. Putin ABŞ Prezidenti Donald Trampla ortaq dil tapa bilir, hətta müəyyən mənada onun mövqeyini dəstəkləyir. Kadırov isə bunun tam əksinə olaraq İrana çeçen qüvvələrinin göndərilməsindən danışır.
Hesab etmək olar ki, Kadırovun belə bir qərar verməsi həm Trampın qəzəbinə səbəb ola, həm də Putinlə münasibətlərini soyuda bilər. Qısa müddətdə Putinlə Tramp arasında telefon danışığının baş tutması və bu məsələnin də gündəmə gəlməsi mümkündür.
Sözügedən açıqlamanın real siyasətlə heç bir əlaqəsi yoxdur. Prinsip etibarilə Kadırov və ya çeçen qüvvələri elə həlledici güc deyil ki, ABŞ-ı çəkindirsin və ya İrana xüsusi hərbi dəstək verə bilsin. Kadırov sadəcə özündən bəyanatlar səsləndirir. Düşünür ki, bu yolla Putinə dəstək olur, lakin reallıq fərqlidir, onun bu sözləri əksinə, Rusiya liderinə zərər verə bilər".