EN

Cənubi Qafqaz bu gün tarixi dönüş nöqtəsindədir

“Ermənistanda hazırkı seçkiqabağı vəziyyət klassik daxili siyasi rəqabətin çərçivəsini çoxdan aşaraq getdikcə taleyüklü geosiyasi seçim xarakteri alır. Biz bu ölkədə dövlət kimliyinin dərin böhranını müşahidə edirik: söhbət artıq partiyaların mandat uğrunda mübarizəsindən deyil, bütün Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına birbaşa təsir edəcək strateji kursun seçilməsindən gedir. Qonşu ölkə olaraq bizim üçün prinsipial məsələ ondan ibarətdir ki, Ermənistan cəmiyyətində gecikmiş realizm üstünlük qazanacaqmı, yoxsa bu cəmiyyət yenidən revanşizmin destruktiv tələsinə sürüklənəcək”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Yerevanda müzakirələrin əsas xəttini xarici siyasət vektoru təşkil edir. Nikol Paşinyanın komandası əvvəlki güc mərkəzlərindən asılılığın azaldılması və əlaqələrin şaxələndirilməsi kursunu bəyan edərək manevr etməyə çalışır. Lakin rəsmi Bakının yanaşması Ermənistanın Qərbə və ya Şərqə yönəlməsi deyil, regionda praqmatik birgəyaşayışa hazır olub-olmamasıdır. Çünki bu gün Ermənistanda Azərbaycanla sülh prosesi artıq sırf xarici siyasət məsələsi olmaqdan çıxaraq daxili siyasi mübarizənin əsas alətinə çevrilib. Görürük ki, ciddi təzyiqlər altında olan mövcud hakimiyyət belə, obyektiv reallığı qəbul etməyə məcburdur. Bu reallıq beynəlxalq hüquq əsasında sərhədlərin delimitasiyasını, nəqliyyat kommunikasiyalarının açılmasının alternativsizliyini və konstitusion aktlarda əks olunan ərazi iddialarından qəti imtinanı ehtiva edir.

“Azərbaycanın mövqeyinə görə, sülh müqaviləsinin imzalanması sadəcə formal addım deyil, uzunmüddətli sabitliyin təməlidir. Biz təhlükəsizliyin silahlanma yarışına deyil, iqtisadi qarşılıqlı asılılığa və açıq sərhədlərə əsaslandığı bir sistem təklif edirik. Təəssüf ki, Ermənistan müxalifəti hələ də təhlükəli miflərdən istifadə etməyə davam edir. Onların “risklər” və “yolverilməz güzəştlər” haqqında ritorikası cəmiyyəti daimi qarşıdurma paradiqmasında saxlamaq cəhdindən başqa bir şey deyil. Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan bu qüvvələr əslində öz xalqının gələcəyinə qarşı çıxır, onu qəsdən təcrid və tənəzzül dalanına sürükləyir”,-deyən millət vəkilinin fikrincə, ciddi narahatlıq doğuran məqamlardan biri də Erməni Apostol Kilsəsinin siyasi mübarizəyə cəlb olunmasıdır. Çünki dini institutların radikal siyasi şüarların tribunasına çevrilməsi və revanşist əhval-ruhiyyəni açıq şəkildə dəstəkləməsi cəmiyyətdə parçalanmanı və radikallaşmanı daha da gücləndirir. Sülh prosesinə mane olmaq üçün dini amildən istifadə edilməsi təhlükəli tendensiyadır və bu, Ermənistanın uzunmüddətli böhrandan çıxışı üçün zəruri olan sağlam ictimai konsensusun formalaşmasına ciddi zərbə vurur.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan üçün vəziyyət tam aydındır: “Biz öz suverenliyimizi bərpa etmişik və Cənubi Qafqazda yeni reallıq formalaşdırmışıq. Bu reallıq tranzit, beynəlxalq ticarət və ümumi inkişaf üçün geniş imkanlar açır. Ermənistanda baş verən daxili proseslər isə bu imkanların reallaşma sürətinə birbaşa təsir edir. Yerevanda hakimiyyətə gələn istənilən siyasi qüvvə anlamalıdır ki, qarşılıqlı ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh sazişinin alternativi yoxdur. Prosesi uzatmaq və ya seçki maraqları naminə danışıqları imitasiya etmək cəhdləri yalnız imkanları gecikdirir və regionu inkişafdan məhrum edir”.

Onun sözlərinə görə, Cənubi Qafqaz bu gün tarixi dönüş nöqtəsindədir. Region münaqişə məkanından Avrasiyanın inkişaf edən bir qovşağına çevrilmək ərəfəsindədir. “Lakin bu ssenarinin reallaşması üçün Ermənistandan siyasi iradə və keçmişin ideoloji mirasından qəti imtina tələb olunur. Qarşıdan gələn seçki dövrü əsas suala cavab verəcək: Ermənistan cəmiyyəti sülhü strateji prioritet kimi seçməyə hazırdırmı, yoxsa keçmişin kölgələrinin yenidən gələcəyin gündəliyini müəyyənləşdirməsinə imkan verəcək? Seçim onlardadır, lakin seçkinin nəticələri regionumuzun gələcək onilliklərdəki simasını müəyyən edəcək”,-deyə deputat vurğulayıb.

Chosen
44
ikisahil.az

1Sources