Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb.
Ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə qərara alınıb ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nınlayihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Proqramının “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsində əhatə olunmasını, dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmasını, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizminin müəyyən olunmasını təmin etsin.
Həmçinin, Dövlət Proqramında “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün “xammal−emal−son məhsul” dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulması təmin edilməlidir:
- elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 tona çatdırılması;
- alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması.
Sərəncama əsasən, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunması və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsi təmin edilməli, metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı tədbirlər görülməlidir.
Sərəncama əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.