“Qonşun pisdir köç qurtar” tövsiyəsi hər nə qədər məsələnin sakit, qalmaqalsız həllinə yönəlsə də, bunu yerinə yetirmək heç də hər zaman müyəssər olmur. Ev satışı və alışı indiki zamanda elə də rahat proses deyil. Yaxşı bələd olmadığın ərazidən ev alıb, yaxın gələcəkdə kanalizasiya, yol infrastrukturu, subasması, kobud qonşular, laqeyd bələdiyyə və s. kimi problemlərlə üzləşə bilərsiniz.
Bəs nə etməli? Necə edək ki ev alanda uduzmayaq?
Hər axşam işdən yorğun-arğın evə qayıdanda üfunətli, çirkli məhəlləni, səs-küylü qonşuları görüb qəzəblənməmək üçün evi almazdan öncə təftişə çıxın. Mütəxəssislər belə məsləhət görürlər. Deyirlər ki, öncə mövsümiliyə diqqət yetirin. Yağışlı-qarlı mövsümdə əraziyə baş çəkin, yollar, küçə su altında qalmayıbsa, qar vaxtlı-vaxtında təmizlənirsə, məhəllə təmizdirsə, uğurlu yerdir.
Qaldı qonşu məsələsi: Burda da seçim etmək mümkündür: planlaşdırılan ərazidə 1-2 ay əvvəl gəlib kirayə yaşayın. Bu, böyük bir üstünlük verir: blokun faktiki vəziyyətini də müşahidə edə bilərsiniz. Beləcə qonşular haqqında məlumat əldə edə bilərsiniz.
Şəfiqə Şəfa, Bizim.Media