EN

Ucuz evlərin görünməyən tərəfi - Risklər və reallıqlar

Son dövrlər bazarda geniş yayılan makler evlərinin digər yaşayış sahələri ilə müqayisədə daha ucuz təklif olunması vətəndaşlar arasında maraq doğurur. Lakin bu ucuzluğun arxasında hansı amillərin dayandığı və bu tip evlərin nə dərəcədə etibarlı olduğu sual doğurur. 

Mövzu ilə bağlı Missiya.Az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, makler evlərinin ucuz olmasının əsas səbəbi onların əksər hallarda ucuz və keyfiyyətsiz materiallardan, daha kiçik torpaq sahələrində və bəzən köhnə tikinti materiallarından istifadə olunmaqla inşa edilməsidir.

"Bu evlər adətən sürətlə tikilir ki, bu da keyfiyyətin aşağı olmasına işarə edir. Eyni zamanda, bəzi hallarda tikinti prosesində standartlara əməl olunmur, hətta bir daşla tikilən evlərə də rast gəlinir ki, bu da əlavə risklər yaradır",- deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, makler evləri bazarda normativlərə uyğun tikilmiş evlərlə müqayisədə təxminən 25-30 faiz daha ucuz təklif olunur. Belə ki, normal evlər 60-80 min manat civarında olduğu halda, makler evləri 35-50 min manat aralığında satışa çıxarılır. Bu qiymət fərqi isə birbaşa keyfiyyətsiz tikinti materiallarından istifadə ilə bağlıdır.

Vüqar Oruc vurğulayıb ki, bu tip evlərdə sonradan ciddi problemlər ortaya çıxır: kommunal xətlərdə nasazlıqlar, kanalizasiya, qaz və su sistemlərində çətinliklər, divarlarda nəmlik, izolyasiya problemləri və kiflənmə halları müşahidə olunur. Onun sözlərinə görə, makler evləri ilk baxışda cəlbedici görünsə də, bir neçə ildən sonra qüsurlar üzə çıxır:

"Bu evlər həm sağlamlıq baxımından risklidir, həm də təbii fəlakətlərə qarşı dayanıqlılığı zəifdir və istismar müddəti qısadır. Buna baxmayaraq, nisbətən ucuz olduğu üçün əhalinin aztəminatlı hissəsi daha çox bu evlərə üstünlük verir".

O, həmçinin qeyd edib ki, gələcəkdə bu sahədə qiymət artımı gözlənilir.

"Belə ki, keyfiyyətsiz və normativlərə uyğun olmayan tikililərin yaratdığı risklər və fövqəladə hallarda dəymiş ziyanlar gündəmə gəldikcə, vətəndaşlar ev alarkən keyfiyyətə daha çox diqqət yetirəcəklər. Bu isə tikinti şirkətlərini və fərdi sahibkarları daha keyfiyyətli materiallardan istifadə etməyə vadar edəcək ki, nəticədə bazarda qiymətlərin artması qaçılmaz olacaq",- deyə Vüqar Oruc əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
20
missiya.az

1Sources