EN

DİQQƏT: Azərbaycanda internet tarifləri yenidən bahalaşa bilər

Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Qonşu ölkələrdəki artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir.
Bəs 2026-cı ildə internet tariflərinin artırılması gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, tariflərin artırılması inflyasiya, əmək haqlarının yüksəlməsi və ümumi xərclərin artımı ilə birbaşa əlaqəlidir.

İstiliklə

Onun sözlərinə görə, bu baxımdan qiymət artımı vətəndaşlar üçün artıq gözlənilən prosesə çevrilib.

Ekspert vurğulayıb ki, əsas məsələ yalnız qiymətlərin artması deyil, paralel olaraq xidmət keyfiyyətinin də yüksəldilməsidir:

“Dəfələrlə bu sahədə qiymət artımı müşahidə olunsa da, təəssüf ki, vətəndaşların xidmət səviyyəsindən məmnunluğu istənilən səviyyədə deyil. Biz iqtisadçılar qiymət artımını inflyasiya və artan xərclərlə əsaslandırsaq da, şirkətlər daha çox digər ölkələrlə müqayisə aparır. Halbuki müqayisə yalnız qiymətlə deyil, həm də xidmət keyfiyyəti, müştəri məmnuniyyəti və iş prinsipləri ilə aparılmalıdır”.

Günay Hüseynova qeyd edib ki, məsələn, Türkiyədə internet xidmətləri əsasən 1 və ya 2 illik müqavilə əsasında təqdim olunur və bu müqavilələr çərçivəsində tərəflərin hüquq və öhdəlikləri dəqiq müəyyənləşdirilir. Müqavilə müddəti ərzində xərclər artsa belə, şirkətlər dərhal tarifləri dəyişmir:

“Müddət bitdikdən sonra abonentlə əlaqə saxlanılır, xidmətin davam etdirilməsi və ya yeni tariflərin tətbiqi ilə bağlı seçim imkanı yaradılır. Bu, daha şəffaf və məsuliyyətli yanaşmadır. Bizdə isə bəzən qiymət artırılır, xidmətlə bağlı problem yarananda isə operativ həll tapılmır. Bu da vətəndaş narazılığına səbəb olur”.

Ekspert hesab edir ki, Azərbaycanda bu sahədə ciddi islahatlara və daha effektiv tənzimləmə mexanizmlərinə ehtiyac var. Onun fikrincə, xidmət keyfiyyəti yüksək olarsa, vətəndaşlar qiymət artımını daha rahat qəbul edə bilər:

“Əgər xidmət səviyyəsi vətəndaşı 95-100 faiz məmnun edərsə, hətta qiymət artımı belə ciddi narazılıq doğurmaz.
İnternet tarifləri sosial ədalət prinsipi əsasında fərqləndirilməli, vətəndaşların gəlir səviyyəsinə uyğun şəkildə tənzimlənməlidir.

Eyni tarifin həm aşağı gəlirli, məsələn, 80 manat gəliri olan veteran, həm də yüksək maaş alan şəxs üçün tətbiqi ədalətli deyil. Həssas sosial qruplar üçün daha əlverişli və ya sabit tariflər nəzərdə tutulmalıdır. Maddi çətinlik səbəbindən səyahət edə bilməyən insanlar heç olmasa internet vasitəsilə yaxınları ilə əlaqə saxlamaq imkanı əldə etməlidir”.

Beləliklə, ekspertin fikrincə, 2026-cı ildə internet tariflərinin artımı ehtimalı istisna edilmir. Lakin bu artımın əsaslandırılmış, şəffaf və xidmət keyfiyyəti ilə paralel şəkildə həyata keçirilməsi vacib şərt kimi önə çıxır.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
66
1
konkret.az

2Sources