EN

Qərbin qalası çökür: Moskva–Pekin–Tehran üçün fürsət pəncərəsi

Trampın NATO zərbəsi: kollektiv Qərb parçalanma astanasında, Moskva–Pekin–Tehran revanş üçün fürsət gözləyir

Donald Trampın yenidən Ağ Evə qayıdışından sonra kollektiv Qərbin siyasi, iqtisadi və hərbi strukturlarında görünməmiş aşınma prosesi sürətlənib. Əgər əvvəlki dövrlərdə Vaşinqton–Brüssel xətti qlobal təhlükəsizlik sisteminin əsas dayağı sayılırdısa, indi məhz həmin dayağın mərkəzində dərin çatlar formalaşır. Hazırki məqamda bu çatların episentri isə NATO məsələsidir.

Trampın “The Telegraph”a  verdiyi son müsahibədə Alyansı “kağız pələng” adlandırması və ABŞ-ın NATO-dan çıxmasını “artıq yenidən baxılacaq məsələ deyil” kimi təqdim etməsi transatlantik münasibətlərdə böhranın ən təhlükəli mərhələyə keçdiyini göstərir. “Reuters” və digər mənbələrin də təsdiqlədiyi kimi, Vaşinqtonun bu mövqeyi İran müharibəsində Avropa müttəfiqlərinin ABŞ-a açıq dəstək verməməsi fonunda formalaşıb. 
Bu, sadəcə emosional siyasi ritorika deyil. Bu, ABŞ-ın son 80 ildə qurduğu təhlükəsizlik memarlığının öz mərkəzindən sarsılması deməkdir.

NATO-nun dayağı ABŞ-dır: Vaşinqtonsuz alyans əvvəlki gücündə qala bilməz
Geosiyasi reallıq dəyişməzdir: NATO-nun hərbi çəkisi, nüvə deterrensiyası, kəşfiyyat gücü, strateji logistika və qlobal operativ imkanlarının əsas yükünü ABŞ daşıyır. ABŞ olmadan Alyans texniki olaraq mövcud qala bilər, lakin onun əvvəlki siyasi-hərbi təsir imkanları ciddi şəkildə zəifləyər.
Məhz buna görə Tramp administrasiyasının NATO ilə münasibətləri yenidən nəzərdən keçirmək barədə verdiyi siqnallar Avropada təhlükəsizlik böhranı qorxusunu maksimum səviyyəyə çatdırıb. ABŞ dövlət katibi Marko Rubio da açıq şəkildə bildirib ki, İran müharibəsi başa çatdıqdan sonra Vaşinqton Alyansın ABŞ üçün dəyərini yenidən qiymətləndirəcək. 
Rubionun bu fikri əslində bir həqiqəti üzə çıxarır:
Vaşinqton NATO-nu artıq qarşılıqlı öhdəliklər mexanizmi deyil, “birtərəfli küçə” kimi görməyə başlayıb.

Bu isə Avropanın təhlükəsizlik psixologiyasında şok effekti yaradır.
Aİ daxilində fikir ayrılığı dərinləşə bilər: Ukrayna və Yaxın Şərq böhranı fonunda yeni çatlar
Hazırda Avropa İttifaqı daxilində onsuz da Ukrayna müharibəsi, enerji təhlükəsizliyi, büdcə yükü, müdafiə xərcləri, Qrenlandiya və ABŞ-la ticarət ziddiyyətləri kimi məsələlərə görə ciddi fikir ayrılıqları mövcuddur.
Əgər Vaşinqton NATO məsələsində daha sərt xətt götürərsə, bu, təkcə Alyans daxilində deyil, Aİ-nin öz siyasi bütövlüyündə də parçalanmanı sürətləndirə bilər.

Çünki Avropa ölkələri qarşısında fundamental sual yaranacaq: 
ABŞ-ın təhlükəsizlik çətiri olmadan Avropa özünü müdafiə edə biləcəkmi? Məhz bu sual yaxın illərdə Avropanın siyasi gündəminin mərkəzinə çevrilə bilər.
Britaniyanın Baş naziri Kir Starmer NATO-ya tam sadiqlik mesajı versə də, bu, əslində Avropanın artan narahatlığının diplomatik ifadəsidir. 

Ən böyük qazananlar: Moskva, Pekin və Tehran
Kollektiv Qərb daxilində NATO və Aİ səviyyəsində mümkün parçalanma ilk növbədə Rusiya, Çin və İranın strateji maraqlarına xidmət edir.
Bu üçlük uzun müddətdir Qərbin vahid siyasi iradəsinin zəifləməsini gözləyir. Çünki Qərbin əsas gücü hərbi imkanlardan daha çox institusional birlik, siyasi koordinasiya və ortaq qərarvermə mexanizmidir.

Əgər bu mexanizm sarsılarsa, o zaman Moskva Ukrayna cəbhəsində strateji nəfəs qazanır; Pekin Tayvan və Hind-Sakit okean xəttində daha sərbəst manevr imkanı əldə edir;  Tehran Yaxın Şərqdə regional müqavimət oxunu yenidən toparlamağa vaxt qazanır.  Bu baxımdan həm Ukrayna müharibəsinin, həm də Yaxın Şərq böhranının uzanması anti-Qərb aktorların maraqlarına tam uyğundur.

Müharibələrin uzadılması strategiyası: Qərbi içəridən zəiflətmək planı
Burada ən təhlükəli ssenari münaqişələrin sadəcə hərbi deyil, strateji yorulma alətinə çevrilməsidir.
Moskva, Pekin və Tehran üçün əsas məqsəd yalnız döyüş meydanında nəticə əldə etmək deyil. Əsas hədəf Qərb cəmiyyətlərində siyasi yorğunluğu artırmaq, ABŞ-Avropa ziddiyyətlərini dərinləşdirmək,  müdafiə xərcləri və enerji şokları ilə iqtisadi təzyiq yaratmaq, Qərb institutlarının effektivliyinə inamı sarsıtmaqdır. 
Trampın NATO ilə bağlı son ritorikası məhz bu prosesləri daha da sürətləndirə bilər. Çünki bu, Qərb daxilində onsuz da mövcud olan fikir ayrılıqlarını açıq böhran fazasına keçirir. 

NATO böhranı çoxqütblü dünyanın doğuluşunu sürətləndirə bilər
Əgər Vaşinqton həqiqətən NATO-dan uzaqlaşma xəttini sərtləşdirsə, bu, II Dünya müharibəsindən sonra qurulan transatlantik təhlükəsizlik sisteminin ən böyük sınağı olacaq.
Belə bir ssenari Avropada yeni təhlükəsizlik boşluğu yaradar,  Aİ daxilində dərin siyasi parçalanma doğurar,  Rusiya və Çinin qlobal manevr imkanlarını genişləndirər,  çoxqütblü dünya düzəninin formalaşmasını sürətləndirər. 

Başqa sözlə, məsələ təkcə NATO-nun taleyi deyil. Söhbət Qərbin qlobal dominant güc statusunun sarsılmasından gedir. Və bu prosesin nəticələri həm Ukrayna cəbhəsində, həm Yaxın Şərqdə, həm də Asiya-Sakit okean məkanında yeni geosiyasi silkələnmələr yarada bilər.

 Mürtəza

Chosen
58
50
olke.az

10Sources