EN

İbrahim Rüstəmli: Böyük Qələbəyə dair ilk real mesajlar Aprel döyüşlərində verildi

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 1 aprel, AZƏRTAC

2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqı və dövləti üçün xüsusi əhəmiyyət kəsb edən mühüm tarixi mərhələ kimi yadda qalıb. Bu döyüşlər Azərbaycanın öz haqq işi uğrunda apardığı mübarizədə atdığı ən böyük və həlledici addımlardan biri olub və bu addımın nəticələri sonrakı dövrdə açıq şəkildə özünü göstərib.

Bu fikirləri hərbi ekspert İbrahim Rüstəmli AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, aprel döyüşləri Azərbaycanın qazana biləcəyi qələbələrin miqyasını göstərən ilk ciddi siqnal idi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu düşməndən bir sıra əraziləri, o cümlədən Lələtəpə yüksəkliyini geri aldı. Əldə olunan nəticələr əsas məqsədə gedən yolda inamla irəliləmək üçün olduqca mühüm əhəmiyyətə malik idi.

Hərbi ekspert bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının işğal və terror faktına qarşı güclü müqavimətinin, etirazının və iradəsinin təzahürü olmaqla yanaşı, xalqın milli mövqeyinin və qətiyyətinin əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

“Aprel döyüşləri üç onillik ərzində yaşanan ağrıların, itkilərin və faciələrin əvəzinin çıxılması, işğal olunmuş torpaqların geri qaytarılması istiqamətində mühüm mərhələ oldu. Bu döyüşlər Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası yolunda atılan çox ciddi addım idi”, – deyə İ.Rüstəmli vurğulayıb.

Ekspert qeyd edib ki, aprel döyüşləri Azərbaycan Ordusunun gələcək döyüş əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsi baxımından da mühüm təcrübə rolunu oynadı. Ordunun imkanları qiymətləndirildi, taktiki və əməliyyat planlaşdırması daha da təkmilləşdirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirildi.

“Aprel döyüşləri Azərbaycan xalqına düşmən üzərində qələbənin mümkünlüyü ilə bağlı ilk real mesajları verdi. Bu, psixoloji və mənəvi baxımdan xalqın ruh yüksəkliyinin artmasına, milli birliyin möhkəmlənməsinə səbəb oldu”, – deyə o bildirib.

Sonda İ.Rüstəmli vurğulayıb ki, aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçular böyük ehtiramla anılmalıdır. Onların hər biri Azərbaycanın qələbəsində mühüm paya malikdir və bu gün əldə olunan uğurların əsasında onların qəhrəmanlığı dayanır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
1
azertag.az

2Sources