EN

İşğaldan azad olunan torpaqlara doğru: Aprel döyüşlərinin iştirakçısının xatirələri

BAKI, 2 aprel. TELEQRAF

Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan hərbçi İsmayıl Abdunov ilk döyüş tapşırığından, ön xətdə yaşanan çətinliklərdən və qələbəyə aparan yoldan danışıb.

İsmayıl Abdunov Teleqraf-ın Qarabağ bürosuna müsahibə zamanı ilk olaraq Aprel döyüşlərinə hazırlıqdan danışıb: "Əməliyyat barədə məlumat cəmi bir gün əvvəl verildi və dərhal tapşırığın icrasına başlanıldı. Demək olar ki, bir günün içində bizə tapşırıq verildi. Həmin anda hər kəs maksimum səfərbər oldu və hazırlıq yüksək səviyyədə quruldu.”

İsmayıl Abdunov deyib ki, işğal olunmuş ərazidən olduğu üçün döyüşə getmək onun üçün xüsusi mənəvi əhəmiyyət daşıyıb: “İrəli getmək üçün həmişə can atmışıq. Çünki bu torpaqlar bizim idi və biz onları geri qaytarmaq istəyirdik.”

O, döyüş zamanı birbaşa ön xətdə olmasa da, ən vacib sahələrdən biri olan təminat xidmətində iştirak edib.

Abdunovun sözlərinə görə, səngərdə olan əsgərlərin ehtiyaclarını vaxtında çatdırmaq həyati əhəmiyyət daşıyırdı: “Bizim vəzifəmiz silah-sursatı, suyu və digər lazım olanları birbaşa səngərə çatdırmaq idi. Çünki ön xətdə olan əsgərlərin geri çəkilib təminat götürməyə vaxtı yox idi.”

Döyüş şəraitinin çətinliyinə baxmayaraq, hərbçiləri irəli aparan əsas motivasiya torpaq həsrəti idi. 23 illik ayrılıq onların döyüş ruhunu daha da gücləndirib: “Çətinliklər var idi, amma bizim üçün ən böyük güc o həsrət idi. Biz illərlə bu günü gözləmişdik.”

Abdunov qeyd edib ki, həmin əməliyyat Azərbaycan Ordusu üçün həm də mühüm təcrübə qazandırdı: “Bu bizim ilk uğurlu döyüşlərimizdən biri idi. Düşmənin müdafiə sistemi, səngərlərdə qurduğu mövqelər barədə çox məlumat əldə etdik. Bu da sonrakı əməliyyatlarda üstünlük yaratdı.”

Onun sözlərinə görə, strateji baxımdan əhəmiyyətli olan bu ərazidə düşmən uzun müddət üstün mövqedə olub: “Bütün təminat yolları onların nəzarətində idi. Ön xəttə gələn yollarımız daim izlənirdi. Buna baxmayaraq, biz burada böyük uğur qazandıq.”

Hərbçi bildirir ki, bu ərazilər uğrunda illər boyu ağır itkilər verilib və ora daxil olmaq belə asan olmayıb:
“Bu torpağa ayaq qoymaq belə çətin idi. Amma o gün biz düşmən postuna daxil olduq və bu, bizim üçün unudulmaz an idi. Döyüş zamanı hava şəraiti də vəziyyəti çətinləşdirirdi. Yağışlı hava şəraitində əməliyyat davam etdirildi. Buna baxmayaraq, qarşıya qoyulan tapşırıqlar yerinə yetirildi. Ərazidə düşmən tərəfindən tərk edilmiş çoxlu sayda hərbi texnika və sursat aşkar olundu".

Bu gün həmin torpaqlara qayıdış artıq reallıqdır. Abdunov kimi yüzlərlə hərbçinin xatirələri isə bu qələbənin necə böyük zəhmət və fədakarlıq hesabına əldə olunduğunu bir daha göstərir.

Chosen
50
teleqraf.com

1Sources