EN

Çexiya Azərbaycanı Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaş hesab edir – nazirlik

Çexiya Azərbaycanı Avropanın enerji təchizatının şaxələndirilməsi baxımından vacib tərəfdaş kimi qiymətləndirir.

Bu barədə Trend-ə Çexiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib.

Martın 3-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində 12-ci nazirlər iclasının və yaşıl enerji üzrə Məşvərət Şurası çərçivəsində 4-cü nazirlər iclasının nəticələrini şərh edən nazirlik qeyd edib ki, Çexiyanın bu platformada iştirakı həm milli enerji təhlükəsizliyi, həm də daha geniş Avropa əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyır.

"12-ci iclasda əsas prioritetlərimiz bunlar olub:

Avropanın enerji təchizatı mənbələrinin və marşrutlarının daha da şaxələndirilməsinə dəstək;

Rusiya mənşəli fosil yanacaqlardan asılılığın azaldılmasına yönəlmiş əməkdaşlığın gücləndirilməsi;

xüsusilə Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması fonunda Mərkəzi və Şərqi Avropanın enerji sistemlərinin dayanıqlığının artırılması;

Mərkəzi Avropaya qaz tədarükünün etibarlı və kommersiya baxımından səmərəli olması üçün infrastrukturun inkişafı və normativ şəraitin formalaşdırılmasına töhfə vermək", - deyə nazirlikdən bildirilib.

 

Qurum vurğulayıb ki, Azərbaycan özünü etibarlı və strateji tərəfdaş kimi təsdiqləyib.

"Biz həmçinin Cənub Qaz Dəhlizi platformasını enerji infrastrukturunun modernləşdirilməsi, bərpa olunan enerji mənbələrinin inkişafı, Aİ qaz bazarlarının likvidliyinin və inteqrasiyasının gücləndirilməsi, eləcə də enerji dayanıqlığı və təchizat zəncirlərinin təhlükəsizliyi ilə bağlı daha geniş məsələlərin müzakirəsi üçün əməkdaşlığın dərinləşdirilməsi imkanı kimi qiymətləndiririk. Hazırkı mərhələdə Çexiya konkret formal sazişlər təklif etməyi planlaşdırmır. Məqsədimiz şaxələndirmə, infrastrukturun inkişafı və Mərkəzi Avropaya qaz tranziti üçün normativ şəraitlə bağlı məzmunlu müzakirələr aparmaqdır", - deyə nazirlikdən əlavə edilib.

Həmçinin bildirilib ki, Çexiya Avropa səviyyəsində qaz tədarükünün şaxələndirilməsini dəstəkləyir və bu istiqamətdə Azərbaycanı mühüm tərəfdaş kimi görür.

"Çexiya daim neft və qazın şaxələndirilmiş tədarük imkanlarını araşdırır. Bu marşrut üzrə tranzit və tariflərlə bağlı hüquqi baxımdan əsaslandırılmış qaydaların müəyyən edilməsi Mərkəzi Avropaya daha optimal qaz tədarükünə yol aça bilər", - deyə nazirlik vurğulayıb.

Bundan əlavə, qeyd olunub ki, Azərbaycan Çexiyaya xam neftin əsas tədarükçülərindən biridir və SOCAR ilə əməkdaşlıq ölkənin enerji təhlükəsizliyinin mühüm elementidir.

Daha geniş enerji əməkdaşlığından danışan nazirlik bildirib ki, Azərbaycan artıq bir neçə ildir Qara dəniz üzərindən enerji dəhlizi layihəsini irəli sürür və bu layihə Aİ-nin ümumi maraq layihələri siyahısına da daxil edilib. Qurumun məlumatına görə, Azərbaycanla enerji əməkdaşlığına maraq Aİ-yə üzv dövlətlər, o cümlədən Çexiya tərəfindən bölüşülür.

"Aİ-də elektrikləşmənin artması və enerji istehlakının yüksəlməsi fonunda qarşılıqlı faydalı tərəfdaşlıq üçün böyük potensial mövcuddur. Çexiyada turbinlər, istilik nasosları və günəş fotovoltaik sistemləri də daxil olmaqla enerji komponentlərinin istehsalı üzrə inkişaf etmiş sənaye var. Azərbaycanın xüsusilə günəş və dəniz küləyi enerjisi sahəsində böyük bərpa olunan enerji potensialı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Çex şirkətləri mühəndis xidmətləri, avadanlıq istehsalı (turbinlər, günəş panellərinin komponentləri, enerji saxlama texnologiyaları), hidrogenin saxlanması sistemləri və enerji səmərəliliyi həlləri kimi sahələrdə töhfə verə bilərlər", - deyə nazirlikdən bildirilib.

Chosen
17
2
day.az

3Sources