EN

Motosikletçinin ölümünə səbəb olan sürücü azadlığa buraxıldı

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Elməddin Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilib. Elməddin Məmmədov cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkəcək.

 

İttihama əsasən, hadisə 28 avqust 2024-cü il tarixdə saat 22:48 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində baş verib. Belə ki, Elməddin Məmmədov sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan MMC-lərdən birinə məxsus “Mercedes-Benz Axor 1842” markalı yük avtomobili və ona qoşulmuş “Feldbinder Eut 40.3” markalı yarımqoşqu ilə saatda təxminən 20 km sürətlə hərəkətdə olub.

 

Araşdırmalar zamanı müəyyən olunub ki, sürücü müvafiq qanunun tələblərini pozaraq svetoforun qadağanedici siqnalına məhəl qoymayıb. O, dayanmalı olduğu halda nəqliyyat vasitəsini saxlamayıb və dönmə manevri edib. Bu zaman qarşı istiqamətdən svetoforun yaşıl işığında hərəkət edən zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) idarə etdiyi motosikletlə yolayrıcına daxil olub. Nəticədə yük avtomobili ilə motosiklet arasında toqquşma baş verib. Zərbənin gücündən motosiklet sürücüsü yola çırpılaraq yük avtomobilinin altına düşüb. Hadisə nəticəsində D.D. çoxsaylı ağır xəsarətlər alıb. Alınmış xəsarətlər nəticəsində zərərçəkmiş şəxs hadisə yerində həyatını itirib.

 

Hadisədən sonra Elməddin Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi isə apellyasiya şikayəti vermişdi. 

 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilmiş, məhkuma 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. O, məhkəmə iclas zalından dərhal həbs olunmuşdu.

 

Kamal Məmmədov

Tarix: 2 Aprel 2026, 09:22   
Chosen
59
pravda.az

1Sources