Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Ekologiya kafedrasının əməkdaşları – dosent Leyla Məmmədova və baş müəllim Sevda Qasımova Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Ankara Universitetində olublar.
AzEdu.az xəbər verir ki, ezamiyyət müddətində əməkdaşlar universitetin müvafiq fakültə və kafedraları ilə yaxından tanış olub, tədris və elmi-tədqiqat prosesinin təşkili barədə ətraflı məlumat əldə ediblər.
Səfər çərçivəsində Ankara Universitetinin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarına baxış keçirilib, aparılan elmi tədqiqat işləri, eksperimental metodlar və innovativ yanaşmalar diqqətlə öyrənilib. Xüsusilə inşaat materialları tullantılarının təkrar emalı laboratoriyasında aparılan tədqiqatlar diqqət mərkəzində olub, bu sahədə tətbiq edilən müasir texnologiyalar və praktiki yanaşmalar barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı gələcəkdə birgə elmi tədqiqatların həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, eləcə də ortaq layihələrdə iştirak imkanları müzakirə edilib. Ezamiyyətin əsas məqsədi beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və müasir elmi yanaşmaların mənimsənilməsi olub.
Qeyd edək ki, səfər AzMİU ilə Ankara Universiteti arasında elmi, akademik əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və universitetin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən uğurlu addım kimi qiymətləndirilir.
