EN

Putin doğru deyil dedi, Paşinyan razılaşmadı İrəvanı narahat edən üç məqam

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Görüş zamanı liderlərin polemikası kifayət qədər diqqət çəkdi.

Əvvəla onu qeyd edim ki, Paşinyanın Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü təsadüfi deyil. Məlum olduğu kimi, Ermənistanda keçiriləcək parlament seçkilərinə az müddət qalıb. Budəfəki seçkilər istər regional aktorlar, istərsə də bölgədə marağı olan qüvvələr tərəfindən yaxından izlənilir. Seçkilərə müdaxilə ehtimalları isə istisna deyil. Rusiya prezidentinin Ermənistanda parlament seçkiləri öncəsi siyasi partiyalar arasında mübarizəni diqqətlə izlədiyini açıq şəkildə qeyd etməsi bu baxımdan təsadüfi deyildi.

Məlumdur ki, Nikol Paşinyan qərbmeyillidir. Lakin indiki məqamda bu amilin qabardılması, Rusiya ilə gərginliyin artırılması ona sərf etmir. Baş nazir Kremlin regiondakı ənənəvi təsir imkanlarını qorumağa çalışdığını yaxşı anlayır.

Hazırda Paşinyanı narahat edən əsas məqamlar bunlardır:

– Onun ən böyük rəqibi və eyni zamanda Vladimir Putinlə şəxsi dostluğu olan Robert Köçəryan faktoru;

– “Yeni siyasi qüvvə” kimi təqdim edilən rusiyalı milyarder Samvel Karapetyan;

– Kilsəyə qarşı mübarizə fonunda bütün ermənilərin katolikosu II Qareginin Kreml ilə daha da yaxınlaşması.

Bu mənada, Paşinyan balansı qorumaq, seçki prosesində Moskvanın mümkün müdaxilələrini minimuma endirmək və arzuolunmaz nəticələrin qarşısını almaq üçün Rusiyaya səfər etdi.

Lakin səfərin nə dərəcədə uğurlu olduğunu və ya Paşinyanın istədiyinə nail olub-olmadığını demək çətindir. Bunu iki lider arasındakı dialoqun mahiyyətindən görmək mümkündür.

Məsələn, Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə bildirib ki, Ermənistanda Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişafı barədə müzakirələr gedir və Moskva buna tamamilə sakit yanaşır. “Başa düşürük ki, hər bir ölkə üçüncü tərəflərlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır”, – Putin qeyd edib. Lakin o, eyni zamanda Ermənistanın həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) eyni vaxtda yer almasının mümkün olmadığını vurğulayıb.

“Aİ və Aİİ-yə eyni vaxtda üzv olmaq qeyri-mümkündür. Məsələ hətta siyasətlə bağlı deyil, sırf iqtisadi xarakter daşıyır”, – Rusiya lideri deyib.

Putin bu sözləri ilə Paşinyanı seçim qarşısında qoyur. Yəni İrəvan mütləq seçim etməlidir və qərar verməyi gecikdirməməlidir. Ehtimal ki, seçim gecikər və ya İrəvan qərarı uzadarsa, Kreml seçki prosesində sərgiləyəcəyi mövqe ilə öz mesajını daha açıq şəkildə verəcək.

Paşinyan isə görüş zamanı bildirib ki, Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır. “Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb”, – deyə o, vurğulayıb.

Paşinyan yaxşı bilir ki, bu gün Ermənistanda Qarabağdan gələn ermənilər yaşayır və Rusiya seçki öncəsi onları hakimiyyətə qarşı istifadə etməyə çalışa bilər. Lakin baş nazir uzun müddətdir Qarabağ erməniləri ilə bağlı vahid mövqe ortaya qoyub və məsələnin artıq bağlandığını deyir. Bu, eyni zamanda Kremlin müvafiq təzyiqlərinə qarşı bir mesaj kimi də qiymətləndirilə bilər.

Bununla belə, Paşinyanın mövqeyinə Putinin reaksiyası da diqqət çəkir. Rusiya lideri qeyd edib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələrin daxili işlərinə müdaxilə etməsi doğru deyil. Halbuki bu məqam Paşinyanın tez-tez vurğuladığı, hətta KTMT-dən çıxmaq istiqamətində əsas arqumentlərindən biri idi.

İstisna deyil ki, Paşinyan bu görüşü müsbət kimi xarakterizə edəcək. Lakin seçkilər öncəsi Qərb–Rusiya qarşıdurmasının İrəvanda daha da qızışacağı gözlənilir. Proseslər Gürcüstandakı kimi olmasa da, müəyyən mənada Moldovadakı vəziyyətlə oxşarlıq təşkil edə bilər. Bununla belə, Paşinyanın seçkilərdə qələbə qazanması daha böyük ehtimal kimi görünür.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
49
globalinfo.az

10Sources