AZ

Paşinyan Putinin çətiri altından çıxır Dünənki görüşün pərdəarxası

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aprelin 1-də Kremldə baş tutan görüşdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında səslənən fikirlər təkcə iki ölkə münasibətlərinin cari vəziyyətini göstərmirdi. Bu, həm də regionda formalaşan yeni siyasi reallıqları açıq şəkildə ortaya qoydu. Xüsusilə Putinin çıxışının ilk hissəsində Ermənistanın daxili siyasi proseslərinə - qarşıdan gələn seçkilərə diqqət yetirməsi Kremlin prioritetlərini və narahatlıqlarını göstərirdi.

Rusiya lideri Paşinyan və nümayəndələri 2 cümlə ilə salamladı, üçüncü cümləsi isə bu il Ermənistanda keçiriləcək seçkilərlə bağlı oldu. Putinin çıxışında seçkilər mövzusuna erkən və birbaşa keçid təsadüfi deyildi. Bu, Rusiyanın Ermənistandakı daxili siyasi proseslərə marağının davam etdiyini və bu proseslərin nəticələrinin Moskva üçün strateji əhəmiyyət daşıdığından xəbər verir. Onun "Rusiyapərəst qüvvələrin iştirakının arzuolunan olması" ilə bağlı açıq mesajı isə diplomatik dillə ifadə olunmuş siyasi təzyiq kimi oxuna bilər.

Bu kontekstdə Putinin həbsdə olan, lakin Rusiya pasportuna sahib bəzi şəxslərin seçki prosesinə cəlb olunması arzusunu dilə gətirməsi, Ermənistanın suveren hüquqlarına dolayı müdaxilə kimi də qiymətləndirilə bilər. O, formal olaraq "müdaxilə etmirik" desə də, bu cür bəyanatlar Kremlin Ermənistan daxilində siyasi balansı təsir altında saxlamaq istədiyini göstərir.

Putin çıxışında Qarabağ məsələsinə də toxunub. O, 2022-ci ildə Praqa görüşündə Ermənistanın bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanımasını xatırladıb. Bu vurğu əslində Rusiyanın öz mövqeyini əsaslandırmaq cəhdi idi: yəni KTMT-nin prosesə müdaxilə etməməsi guya məhz bu siyasi reallıqdan qaynaqlanıb. Əslində, Putin bunu demək olar ki, hər dəfə deməklə, sanki, Paşinyanı günahlandırmağa çalışır. Yəni o, Paşinyana deməyə çalışır ki, "sən Paraqada Azərbaycanın ərazi bütövlüyünü tanımasaydın, Rusiya sülhməramlıları vasitəsilə Qarabağda və regionda qalacaqdı". Paşinyan isə ağıllı addım ataraq həm erməniləri xilas etdi, həm də rusların bu barədə hər iki tərəfə təzyiq imkanlarını məhdudlaşdırdı. 

Paşinyan Putinə dünənki cavabında da incə, lakin mühüm siyasi manevr etdi. O, Ermənistanın bu qərarı verməsindən əvvəl Rusiyanın ali rəhbərliyinin eyni mövqeyi ifadə etdiyini xatırlatdı. 

Paşinyanın çıxışı ümumi ton baxımından sakit və konstruktiv görünsə də, məzmun etibarı ilə kifayət qədər prinsipial idi. O, bir tərəfdən Rusiyanın regionda rolunu və vasitəçiliyini yüksək qiymətləndirdi, digər tərəfdən isə Ermənistanın suveren qərarvermə hüququnu açıq şəkildə müdafiə etdi.

Seçkilərlə bağlı hissədə Paşinyan yalnız Ermənistan vətəndaşlarının siyasi proseslərdə iştirak edə bilməsini vurğuladı. Bu, Putinin dolayı təklif və tələbinə konkret və hüquqi əsaslı cavab idi. Eyni zamanda həm daxili auditoriyaya, həm də Moskvaya yönəlmiş mesaj idi.

Görünür, Paşinyan özünü və ölkəsini "Putinin çətiri" altından xilas etmək istəyir. Çünki sözügedən çətir onillərdir yağışdan qorumadığı kimi, onları gün üzünə də həsrət qoyub.

Nəticə etibarı ilə Kremldəki bu görüş formal diplomatik çərçivədən kənara çıxaraq açıq siyasi dialoq formatına çevrildi. Vladimir Putin Ermənistan daxilində təsir imkanlarını qorumağa çalışdığını açıq şəkildə nümayiş etdirdi. Nikol Paşinyan isə balanslı və hüquqi əsaslara söykənən cavablarla həm bu təzyiqləri neytrallaşdırmağa, həm də ölkəsinin suveren mövqeyini qorumağa çalışdı.

Bu dialoq göstərir ki, Ermənistanın qarşıdan gələn seçkiləri təkcə daxili siyasi hadisə deyil, həm də böyük güclərin maraqlarının toqquşduğu geosiyasi test olacaq. 

Çünki hazırda Rusiya İrəvan vasitəsilə regiondakı sonuncu dayaq nöqəsində qalmağa çalışır. Kreml yaxşı bilir ki, bu mövqeyin itirilməsi ilə Moskva nəinki regionda təsir gücünü, həm də hərbi gücünü itirə bilər. Söhbət Gümrüdəki 102-ci hərbi bazadan gedir. Ona görə ki, Paşinyanın yenidən qalib gələcəyi təqdirdə Rusiya bazasını ölkədən çıxaracağı istisna deyil. O, artıq Azərbaycanla sərhəddə, beynəlxalq hava limanı ərazisində və bir sıra yerlərdə rus hərbçilərin fəaliyyətini məhdudlaşdırıb.

Qərb isə Gürcüstanla münasibətlərin nisbətən pisləşməsindən sonra, regionda özünə yeni dost qazanmağa çalışır. İrəvanın birliyə olan meylini görən avropalılar bu şansı əldən vermək istəməyəcəklər. Kreml üçün olmasa da, Qərb üçün Paşinyan real seçimdir. 

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
49
unikal.az

10Mənbələr