EN

Hörmüz böhranı Xəzər üçün fürsət yaradır Təfsilat

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Almaniyanın “Focus” jurnalı Hörmuz boğazında yaranmış böhranın qlobal enerji bazarına ciddi təsir göstərdiyini və Avropa üçün alternativ marşrutların əhəmiyyətini artırdığını yazıb. Nəşrin təhlilinə görə, bu kontekstdə Trans-Adriatik Boru Kəməri (TAP) və Orta Dəhliz xüsusi önəm qazanır.

Məqalədə vurğulanır ki, Azərbaycan artıq 2025-ci ildə Avropaya təxminən 13 milyard kubmetr qaz ixrac edib və infrastrukturun genişləndirilməsi nəticəsində bu şəbəkəyə 16 Avropa ölkəsi qoşulub. Növbəti mərhələdə ixracın illik 20 milyard kubmetrə qədər artırılması mümkün sayılır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirdiyi və Cənubi Qafqazda sabitləşdirici rol oynadığı qeyd olunur.

Eyni zamanda, Ermənistanın artıq Azərbaycandan enerji idxal etməsinin qiymətləri aşağı saldığı, qarşılıqlı asılılıq yaratdığı və Rusiya ilə İranın təsirini azaltdığı vurğulanır. “Focus” jurnalı qeyd edir ki, Xəzər dəhlizi Avropa üçün real alternativ təqdim edir və enerji mənbələrinin şaxələndirilməsi artıq seçim deyil, iqtisadi rəqabət qabiliyyətinin qorunması üçün zəruri strateji tələbdir. Düzgün və əsaslandırılmış təhlildirmi? Hörmüz böhranı Xəzər üçün fürsət yaradırmı? Xəzər dəhlizi Azərbaycanın əhəmiyyətini bir qədər də artırırmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Hörmüz boğazı ətrafında artan gərginlik qlobal enerji bazarının ən həssas nöqtələrindən birini yenidən gündəmə gətirib. Hörmüz boğazı üzərindən dünya neftinin və mayeləşdirilmiş qazın böyük hissəsinin daşındığını nəzərə alsaq, burada yaranan hər hansı risk avtomatik olaraq qiymətlərin artmasına və təchizat zəncirində qeyri-müəyyənliyin dərinləşməsinə səbəb olur. Bu baxımdan Almaniyanın “Focus” jurnalının böhranın qlobal enerji balansına təsiri ilə bağlı yanaşması əsaslı görünür: 

“Mövcud vəziyyət Avropa üçün enerji təhlükəsizliyinin artıq yalnız iqtisadi deyil, həm də siyasi məsələ olduğunu bir daha nümayiş etdirir. Xüsusilə Ukrayna müharibəsindən sonra Avropa İttifaqı məkanında enerji mənbələrinin şaxələndirilməsi prioritet istiqamətə çevrilib. Bu kontekstdə TAP və ümumilikdə Cənub Qaz Dəhlizi Avropanın alternativ axtarışlarında real və işlək mexanizm kimi ön plana çıxır. Bu marşrutun əsas üstünlüyü onun artıq mövcud olması və siyasi baxımdan daha sabit regiondan keçməsidir. Azərbaycanın rolu isə bu prosesdə tədricən, lakin ardıcıl şəkildə güclənir. Azərbaycan son illərdə Avropaya qaz ixracını artırmaqla özünü etibarlı tərəfdaş kimi təqdim edə bilib. 2025-ci il üçün qeyd olunan təxminən 13 milyard kubmetr ixrac göstəricisi ümumi dinamika ilə uyğunluq təşkil edir. Eyni zamanda, Orta Dəhliz layihəsinin ön plana çıxması təsadüfi deyil. Bu marşrut təkcə enerji deyil, həm də yük daşımaları baxımından alternativ geoiqtisadi xətt kimi formalaşır. Çin-Avropa ticarətində bu dəhlizin payının artması onun strateji əhəmiyyətini daha da yüksəldir və Xəzər regionunu qlobal logistika xəritəsində daha görünən edir”.

Deputat eyni zamanda hesab edir ki, nəticə etibarilə, Hörmüz böhranı Xəzər regionu üçün müəyyən fürsətlər yaradır, lakin bu fürsətlərin miqyası şişirdilməməlidir: “Xəzər qazı qlobal bazarda Yaxın Şərq marşrutlarını tam əvəz edə bilməz, lakin Avropa üçün mühüm alternativ rolunu gücləndirə bilər. Bu isə öz növbəsində Azərbaycanın strateji əhəmiyyətini artırır, onu daha çox vacib diversifikasiya elementi statusuna yüksəldir. “Focus” jurnalının yanaşması ümumi çərçivədə əsaslı sayıla bilər, amma bəzi məqamlar daha çox geosiyasi ehtimallar üzərində qurulub. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan üçün açılan imkanlar böyükdür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
2
moderator.az

3Sources