EN

Gürcüstan Rusiya nefti əvəzinə Türkmənistan və Qazaxıstan xam neftini emal edəcək

Gürcüstanın Black Sea Petroleum şirkətinə məxsus yeganə neft emalı zavodu Rusiya xam neftinin emalını tamamilə dayandıracaq və Türkmənistandan xam neftə keçəcək. Bu barədə Business Media neft emalı zavodunun baş direktoru David Potsxveriyaya istinadən məlumat yayıb.

Potsxveriyanın məlumatına görə, şirkət növbəti mərhələdə Qazaxıstandan neft emalına başlamağı planlaşdırır. Bu, ona məhsullarını AB ölkələrinə ixrac etməyə imkan verəcək.

"Biz Rusiya neftindən imtina edərək onu Türkmənistandan, daha sonra Qazaxıstandan və digər ölkələrdən alacağımız neftlə əvəz edəcəyik ki, bu da bizə AB-yə məhsul ixrac etməyə imkan verəcək", - Potsxveriya bildirib.

O, qərarın Rusiya neft məhsullarının Avropa Birliyinə idxalına qoyulan mövcud məhdudiyyətlərlə bağlı olduğunu izah edib. Lakin Türkmənistan neftinin emalına yalnız Azərbaycan vasitəsilə tranzit məsələləri həll edildikdən sonra başlanacaq.

“Biz uzun müddətdir ki, bu iş üzərində işləyirik. Təəssüf ki, tərəfdaşımız və dostumuz olan Azərbaycanın ərazisindən dəmir yolu tranzitinin təşkilində çətinliklər yaranıb. Söhbət bir neçə ay əvvəl razılaşma əldə edilmiş, lakin çatdırılmalar gecikən Türkmənistan neftindən gedir. Buna baxmayaraq, ümid edirik ki, məsələ tezliklə həll olunacaq və biz bu logistika zənciri aktivləşdirə biləcəyik, bundan sonra isə Qazaxıstan nefti gələcək”, - deyə Potsxveriya izah edib.

Martın əvvəlində Avropa İttifaqı BSP-ni Rusiya neftinin idxalı və emalına görə ilkin sanksiya siyahısına daxil edib. Bunun səbəbi ötən ilin oktyabr ayında RussNeft neftin emalı üçün Kulevi limanına 105.000 ton xam neft çatdırıb. Gürcüstan müxalifətinin müraciətindən sonra Aİ Tbilisidən aydınlıq tələb edib. Gürcüstan hakimiyyəti Rusiya neftindən tamamilə imtina edəcəklərinə söz verdikdən sonra BSP sanksiya siyahısından çıxarılıb.

Kulevi neft emalı zavodu ötən ilin dekabr ayında istifadəyə verilib. Onun hazırkı gücü ildə 1,2 milyon ton neft məhsullarıdır və 4,5 milyon tona qədər artırmaq potensialı var.

BSP-nin beynəlxalq tərəfdaşları arasında Saudi Aramco və Trafigura şirkətləri var. Neft emalı zavodu hazırda yanacaq yağı və dizel yanacağı istehsal edir. Planlara ixrac üçün Avro-5 benzini, aviasiya yanacağı və Avrodizel istehsalına başlamaq daxildir.

Əziz MUSTAFA

Chosen
6
1
oxumeni.az

2Sources