EN

Səs-küy yaradan təyinat: Hər iki tərəf narazıdı!

Azərbaycan kubokunda 1/2 finalın ilk oyunlarının hakim təyinatları açıqlanıb. “Qarabağ” – “Sabah” oyunu Rauf Cabbarova tapşırılıb. Görüşün VAR hakimi isə Kamal Umudludur.

Təyinatlar açıqlanandan dərhal sonra sosial şəbəkələrdə ciddi müzakirə mövzüsuna çevrilib.  Sözügedən hakimlərin görüşə təyinatı iki tərəfdə də ciddi etirazlara yol açır. Hər iki klubun azarkeşləri indidən ədalət təmsilçilərindən narazılıq edir.

Rauf Cabbarovun matçın baş hakim olması ağıllara ötən tur “Kəpəz” – “Qarabağ” oyunun ardından Qurban Qurbanovun açıqlamalarını gətirir. Belə ki, həmin matçdakı yaşanan bir epizodda Ağdam klubu penalti gözləsə də, nə baş hakim Əli Əliyev, nə də VAR hakimi Rauf Cabbarov bu qərarı vermədi.

Kifayət qədər mübahisələrə səbəb olan bu epizod çempionluq yolunda vacib xal itirən “Qarabağ”ın ciddi etirazı ilə yadda qaldı. İndi həmin Rauf Cabbarovun “Sabah”la prinsipial oyuna baş hakim təyin edilməsi “köhlən atlar”ı narahat edir.

Matçın VAR hakimi Kamal Umudlunun təyinatı da birmənalı qarşılanmayıb. Belə ki, Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Şamaxı” – “Qarabağ” matçında Umudlunun qərarları ciddi müzakirə mövzusuna çevrilmişdi.

Belə ki, təcrübəli referi 40-ci dəqiqədə sarı vərəqəsi olan Bəhlul Mustafazadənin oyunun sonlarında əks-hücuma çıxan Edqar Adilxanova qarşı kobud oyununa göz yummuş və onu meydandan qovmamışdı. Bu epizoddan bir neçə dəqiq sonra “Qarabağ” qələbə qolunu vurub vacib üç xal qazandı. Halbuki Ağdam təmsilçisi matçı 10 nəfərlə tamamlamalı idi.

K.Umudlunun daha bir ciddi səhvi isə Azərbaycan Kubokunun1/8 final mərhələsi çərçivəsində keçirilən “İmişli” – “Sabah” matçında baş verib. Referi görüşün sonlarında top qonaqların futbolçusunun üzünə dəysə də, penalti təyin edərək ciddi səhvə yol vermişdi. Nəticədə, hesab 1:1 olmuş və qarşılaşmada əlavə vaxtlar oynanmışdı. 

Bütün bunlardan sonra azarkeşlər və klublar bu görüşdə hakim təyinatlarına haqlı narazılıq edirlər. Çünki Rauf Cabbarov da, Kamal Umudlu da mövsüm ərzində iki komandanın oyunlarında nəticəyə təsir edən səhvlər edib. 

İdmanxeber.az 

Chosen
9
idmanxeber.az

1Sources