Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“2016-cı ilin Aprel döyüşlərindən ötən 10 il bu tarixi savaşın əsl mahiyyətini daha parlaq göstərir. Tarixə “Dörd günlük müharibə” kimi düşən dörd gün təkcə hərbi əməliyyat deyildi, bu, Azərbaycanın Böyük Zəfərinin ilk siyasi-hərbi manifesti, milli ruhun yenidən dirçəlişi və tarixi ədalətin bərpasına aparan yolun başlanğıcı idi. Məhz Apreldə illərlə düşmən və onun havadarları tərəfindən yaradılmış “məğlubedilməz erməni ordusu” mifinin necə saxta olduğu bütün dünyaya nümayiş etdirildi”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O bildirib ki, Aprel savaşlarının ən simvolik məqamlarından biri “Ohanyan xətti”nin yarılması və məhv edilməsi oldu: “Uzun illər düşmənin toxunulmaz müdafiə səddi kimi təqdim etdiyi bu istehkam xəttinin Azərbaycan Ordusunun qətiyyətli zərbələri ilə darmadağın edilməsi erməni mifologiyasının sütunlarını çökdürdü. Bu hadisə təkcə cəbhədə deyil, siyasi masada da yeni reallıq yaratdı: artıq Azərbaycan təşəbbüsü ələ alan, öz gücü ilə nəticə yaradan dövlət idi.
Həmin dörd gün xalqın yaddaşında bir həqiqəti həkk etdi: Qələbə mümkündür. Apreldə doğulan bu inam 2020-ci ildə Şuşada Böyük Zəfərə çevrildi. Şuşaya gedən yol məhz Apreldə açıldı; 4 günlük savaş 44 günlük Vətən müharibəsinin mənəvi və strateji məşqinə çevrildi. Sıldırım qayaları aşan Azərbaycan əsgərinin qəhrəmanlığı 2016-cı ildə qazanılmış psixoloji üstünlüyün zirvə nöqtəsi idi.
Aprel döyüşləri ilə başlayan proses sonradan 2023-cü ilin 24 saatlıq lokal antiterror tədbirləri ilə tamamlandı. Beləliklə, 2016-cı ilin Aprel savaşları təkcə Böyük Zəfərin deyil, tam suverenliyin bərpasının da təməlini qoydu. Azərbaycan qalib dövlət kimliyini bütün dünyaya qəbul etdirdi”.
İ.Yusifov əlavə edib ki, bu tarixi yolun digər mühüm tərəfi ədalətin bərpası və qisasın döyüş meydanında alınması oldu: “Azərbaycan xalqı illərlə yaşadığı ağrının, Xocalıdan başlayaraq bütün faciələrin cavabını döyüş meydanında verdi. Müharibə cinayətlərinə görə məsuliyyət daşıyanlar ədalət məhkəməsindən sonsuza qədər yayına bilmədilər; bir qismi artıq layiqli cəzasını aldı, digərlərinin də gec-tez tarix və hüquq qarşısında cavab verəcəyi qaçılmazdır. Bu, təkcə hərbi qələbə deyil, həm də mənəvi ədalətin təntənəsi idi.
Lakin Azərbaycanın qazandığı Zəfərin böyüklüyü yalnız döyüş meydanı ilə məhdudlaşmır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda gedən möhtəşəm quruculuq işləri həmin qələbənin ən parlaq davamıdır. Dağıdılmış şəhərlər yenidən qurulur, yollar çəkilir, məktəblər, hava limanları, yaşayış kompleksləri salınır. Böyük Qayıdış artıq başlayıb və həyat yenidən öz məcrasına dönür. Çünki bu torpaqların əbədi sakinləri öz yurdlarına əbədi qayıdırlar.
Bu qayıdış sadəcə insanların doğma evlərinə dönməsi deyil, tarixin öz axarına qayıtmasıdır. Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycanın iqtisadi, mədəni və strateji inkişaf lokomotivinə çevrilir. Qarşıdakı illərdə bu bölgələrin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun və dünyanın ən inkişaf etmiş məkanlarından birinə çevriləcəyi artıq şübhə doğurmur.
Bu gün 10 ilin zirvəsindən baxanda aydın görünür ki, Aprel döyüşləri Böyük Ermənistan xülyasının tabutuna vurulan ilk mismar, dünya erməniçiliyinin saxta qalasını dağıdan ilk böyük yumruq, Böyük Qayıdışın isə ilk alovlanan məşəli idi.
Apreldən başlayan Zəfər yolu bu gün Qarabağda yenidən qurulan şəhərlərdə, Şərqi Zəngəzura qayıdan ailələrin sevincində, suveren Azərbaycanın yüksələn gücündə yaşayır. Bu yol tariximizin ən şərəfli, ən qürurlu və ən əbədi səhifəsidir”.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.