EN

İrəvanın çətin seçimi: İqtisadi qazanc, yoxsa siyasi istiqamət? (MÜSAHİBƏ)

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Moskvada keçirilən son görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında səslənən açıqlamalar regionda gedən geosiyasi proseslərə yeni baxış bucağı yaradıb. Xüsusilə, Ermənistanın Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının əhəmiyyətini etiraf etməsi, eləcə də Moskvanın İrəvanla münasibətlərə dair mesajları diqqət çəkir. Görüşdə həm Ermənistan-Rusiya iqtisadi əlaqələrinin gələcəyi, həm də regionda sülh və sabitlik perspektivləri müzakirə olunub. 

Bununla yanaşı, Ermənistanda seçkilər ərəfəsində artan siyasi gərginlik fonunda səsləndirilən fikirlər bu ölkənin həm daxili siyasi kursu, həm də xarici prioritetləri ilə bağlı sualları yenidən gündəmə gətirib. Bütün bu məqamlar fonunda ortaya çıxan əsas sual budur: İrəvanın həm Moskva, həm də region ölkələri ilə münasibətlərində yeni mərhələ başlayır, yoxsa bu, sadəcə seçkiöncəsi siyasi ritorikadır? 

Bu və digər sualları Qaynarinfo-ya siyasi analitik Zaur İbrahimli şərh edib.

- Rusiya-Ermənistan ticarət dövriyyəsinin 6 milyard dolları keçməsi və burada reeksportun xüsusi rol oynaması Ermənistan iqtisadiyyatının real dayanıqlığını, yoxsa asılılığını göstərir? 

- Ermənistanın xarici ticarət statistikası ilk baxışda iqtisadi inkişaf təəssüratı yaradır. Lakin daha dərindən analiz etdikdə ciddi risklər üzə çıxır. Rusiya ilə ticarət dövriyyəsinin rekord həddlərə çatması İrəvan üçün mühüm gəlir mənbəyidir, amma bu, eyni zamanda Kremlin təzyiq alətinə çevrilir. 2025-ci ildə ticarət dövriyyəsi 6,4 milyard dollar səviyyəsində qeydə alınıb. Ermənistan İqtisadiyyat Nazirliyi və Dünya Bankının hesabatları göstərir ki, 2023–2024-cü illərdə qeydə alınan ikirəqəmli ÜDM artımının (təxminən 9,2%) əhəmiyyətli hissəsi birbaşa istehsalla bağlı deyil. 

Ermənistanın Rusiyaya ixracında qızıl, brilyant və elektronika məhsulları üstünlük təşkil edir. Analitik mərkəzlərin məlumatına görə, 2023-cü ildə ölkənin ixracının 48%-ni məhz reeksport təşkil edib. Ümumi qənaət ondan ibarətdir ki, bu artım Ermənistanın daxili resurslarına deyil, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yaratdığı imkanlara əsaslanır və dayanıqlı deyil. Qərb tərəfindən sanksiya nəzarətinin gücləndirilməsi və ya Rusiyanın daxili ticarət qaydalarını dəyişməsi qısa müddətdə Ermənistan iqtisadiyyatında 4–5%-lik daralmaya səbəb ola bilər. 

- Ermənistanın həm Rusiyadan iqtisadi dividendlər qazanması, həm də paralel olaraq Qərbə inteqrasiya siqnalları verməsi daxili siyasətdə hansı ziddiyyətləri yaradır? 

- Nikol Paşinyan hökuməti hazırda "iki stulda oturmaq" taktikasının ən gərgin mərhələsini yaşayır. Bu vəziyyət daxili siyasətdə bir sıra fundamental ziddiyyətlər yaradır. İrəvan təhlükəsizlik və xarici siyasət məsələlərində Rusiyadan uzaqlaşaraq Qərblə (ABŞ, Fransa) əməkdaşlığı genişləndirir. Lakin iqtisadiyyatın 35%-dən çoxunun Rusiyadan asılı olması Ermənistan üçün ciddi zəif nöqtədir. Müxalifət bu ziddiyyətdən istifadə edərək Rusiyanın ölkəyə iqtisadi zərbə vura biləcəyini əsas arqument kimi irəli sürür. Qeyd olunur ki, Ermənistan cəmiyyəti Rusiyaya qarşı kəskin mövqe tutarsa, iqtisadi tənəzzül qaçılmaz ola bilər. Paşinyan komandasının reeksportdan əldə olunan gəlirləri büdcə artımı və sosial layihələr kimi təqdim etməsi də əsas tənqid mövzusudur. Hakimiyyət isə Qərblə yaxınlaşmanı "suverenliyin bərpası”, Rusiya ilə iqtisadi əlaqələri isə "praqmatizm” kimi təqdim edir. 

- Bu polemikanın seçkiqabağı dövrdə qabardılması Ermənistan daxilində ictimai rəyə təsir etmək və siyasi qüvvələrin mövqelərini möhkəmləndirmək üçün istifadə olunan alət kimi qiymətləndirilə bilərmi? 

- Elektoral müstəvidə müşahidə olunan meyillər göstərir ki, Rusiya daha çox korrupsiya ilə assosiasiya olunan, uzun illər hakimiyyəti inhisarda saxlamış "Qarabağ klanı” və oliqarxlarla əlaqələndirilir. Paşinyanın opponetləri 2024-cü il mayın 10-da keçirdikləri aksiyada cəmi 30 minə yaxın insan toplaya bildilər. Hətta katolikos II Qareginin açıq dəstəyi də müxalifətə ciddi üstünlük qazandırmadı. Aydın görünür ki, Paşinyan hazırda cəmiyyət üçün real alternativ kimi qəbul olunur. Ondan daha güclü namizəd ortaya çıxarsa, seçicilər tərəddüd etmədən seçimlərini dəyişə bilər. Rusiya ilə assosiasiya olunan namizədlərin isə yalnız məhdud, ənənəvi elektoratı mövcuddur. Gənclər, orta nəsil və biznes dairələrinin böyük hissəsi Paşinyan komandasını dəstəkləyir. Paşinyanın Moskvaya dəvət olunması da Kremlin bu reallığı gördüyünü göstərir. Müxalifət daha güclü olsaydı, bu dəvət baş verməyə bilərdi. Moskva Rusiyapərəst qüvvələrin demokratik siyasi mübarizədə qalib gəlmək şansının zəif olduğunu anlayır. Buna görə də müxtəlif təsir alətlərinə əl atılması istisna deyil: seçicilərin maddi təşviqi, diaspor təzyiqi, iqtisadi təzyiq mexanizmləri və kompromat müharibəsi bu variantlar sırasında göstərilir.

Siyasət şöbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
qaynarinfo.az

1Sources