EN

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq

Bakı, 2 aprel, AZƏRTAC

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, müsabiqənin onların gələcək inkişafında əhəmiyyətini vurğulayıb.

Nazir qaliblərin peşəkar inkişafına dəstək məqsədilə öz təcrübəsini bölüşüb, onlara gələcək fəaliyyətlərində faydalı olacaq tövsiyələr verib. Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin potensiallı kadrların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu qeyd edib.

Qaliblərin fikirləri dinlənilib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd olunub, birillik fərdi inkişaf planının icrasından bəhs edilib. Görüş zamanı qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılacağı bildirilib.

Qaliblər Mentorluq Proqramının onların idarəetmə bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib, əldə etdikləri bilik və təcrübənin praktiki baxımdan əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqə qalibləri bir il müddətində mentor dəstəyi ilə fərdi inkişaf planı əsasında fəaliyyət göstərir və 20 min manat məbləğində mükafat əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da Sərəncam imzalanıb.

Chosen
22
14
azertag.az

10Sources