EN

Türk Dövlətləri Təşkilatı qlobal çağırışlara operativ reaksiya verir – ŞƏRH

Bakı, 2 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gündəmində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı ticarət həcminin artırılması və mövcud maneələrin aradan qaldırılması məsələləri yer alır. Logistika zəncirlərinin inkişafı, nəqliyyat və enerji sahələrində əməkdaşlıq, həmçinin Orta Dəhlizin təşviqi və rəqəmsal transformasiya xüsusi diqqət mərkəzindədir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli deyib.

Onun sözlərinə görə, təşkilat çərçivəsində nəqliyyat kommunikasiyalarının inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir. “Ümumi bazarların yaradılması və milli valyutalardan istifadə məsələləri də nəzərdən keçirilir”, – deyə o bildirib.

Emin Qəribli vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının fərqləndirici cəhəti üzv ölkələrin qlobal proseslərə operativ reaksiya vermək qabiliyyətidir. “Dünya iqtisadiyyatında baş verən dəyişliklər fonunda region ölkələri ciddi çağırışlarla üzləşir. Bununla yanaşı, bu mövcud vəziyyət mövqeləri gücləndirmək üçün imkandır. Qlobal iqtisadiyyatda buna ancaq birgə səylərlə nail olmaq mümkündür”, – deyə ekspert bildirib.

O qeyd edib ki, dövlət başçılarının müntəzəm görüşləri və siyasi iradəsi əməkdaşlığın inkişafında mühüm rol oynayır. “Bu qədər koordinasiyalı fəaliyyət göstərən regionlara nadir hallarda rast gəlinir. Hər görüş irəliyə doğru addımdır və hazırkı mürəkkəb dövrdə sabitliyə töhfə verir”, – deyə E.Qəribli əlavə edib.

Ekspert təşkilata üzv ölkələr arasında hərtərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu da qeyd edib. Onun fikrincə, coğrafi, mədəni və iqtisadi yaxınlıq tərəfdaşlığın dərinləşdirilməsi üçün bütün imkanları yaradır. “Qlobal iqtisadiyyat üzrə mütəxəssis kimi, bu görüşlərin böyük perspektivə malik olduğunu görürəm. Oxşar inkişaf səviyyəsində olan ölkələrin iqtisadi əməkdaşlığı bütün tərəflər üçün faydalıdır”, – deyə Emin Qəribli vurğulayıb.

Chosen
26
1
azertag.az

2Sources